"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyilə regionlarda yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq və bu idman növündə gender bərabərliyini təmin etmək məqsədi ilə «Gənc Velosipedçilər» İctimai Birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının və Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı ilə «Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi» mövzusunda vətənimizin 4 rayonunda Mingəçevir, Qusar, Lənkəran və Biləsuvarda, hər rayon üzrə seminar-təlim və veloyürüşlərə start verilib.
Unikal.org xəbər verir ki, Mingəçevir şəhərindən başlayan layihənin birinci günü seminarlar zamanı gənclərə, qadınların bu idman növünə cəlb edilməsi, velosiped idmanın gender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların səlahiyyətlənməsində əhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs edilib. Daha sonra gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək, diskusiyalar aparılıb, gəncləri və yeniyetmələri maraqlandıran suallar cavablandırılıb. Yeniyetmə və gənclərə bu idman növündən və qadın hüquqlarından bəhs edən kitablar və müxtəlif çap materialları paylanılıb.
Layinənin ikinci günü seminar və təlimlərdə iştirak etmiş qızların iştirakı ilə Mingəçevir şəhərində veloyürüş keçirilib.