Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Qarabağ atları dekabrın 19-dan 23-dək Londonda Olimpiya Beynəlxalq Atçılıq Şousunda çıxış edəcək.

Federasiyadan Unikal.org-a verilən məlumata görə, olimpiya üçün hazırlanan nümayiş "Odlar yurdu Azərbaycan və Qarabağ atı” kimi tanınır. Nümayiş Qarabağ atları üzərində hərəkətlər göstərəcək 12 at və çapardan ibarət olacaq.

Nümayişin məqsədi Azərbaycanın mədəni irsini qlobal auditoriyaya çatdırmaqdır. Zəngin mədəniyyət əsrlərboyu Azərbaycan xalqının qəhrəmanlığını, cəsarətini və qorxmazlığını nümayiş etdirən milli rəqs və musiqimizin müşayiəti altında Qarabağ atlarının gücünü və möhtəşəm bacarıqlarını əks etdirən şou ilə nümayiş olunacaq.

Qeyd edək ki, Qarabağ atları dünyanın bütün ölkələrində xüsusi cins kimi tanınır. Atlar mayın 10-13-də Kral Vindzor At Şousunun 75 illik yubileyində və Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə çıxış edib.