Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 24-cü ildönümü münasibəti ilə Səməd Vurğun adına şəhər tam orta məktəbin idman zalında idmanın Stolüstü tennis növü üzrə kişilər arasında turnir keçirilib.

Unikal.org xəbər verir ki, turniri açıq elan edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov on yeddi mindən artıq partiya üzvünü öz ətrafında birləşdirən rayon təşkilatının 24 il ərzində keçdiyi yola qısaca nəzər salıb. Cavid Osmanov Yeni Azərbaycan Partiyasının artıq dünyada tanınmış nüfuzlu bir siyasi partiya olduğunu, eləcə də bu işdə ulu öndər Heydər Əliyevin canı-qanı bahasına həyata keçirdiyi ardıcıl siyasətdən, 2003-cü ildən isə cənab prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən bəhs edərək turnir iştirakçılarına uğurlar arzulayıb.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Şurasının üzvü, rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov ölkəmizdə, eləcə də Ağdaş rayonunda idmana göstərilən diqqət və qayğıdan danışıb. 

Maraqlı və gərgin idman mübarizəsi şəklində keçən turnirdə 25 tennisçi öz qüvvəsini sınamışdır. Turnirin qalibi Mustafa Əhmədov olmuşdur. İkinci yeri Orxan Əliyev, üçüncü yeri isə Ramiz Mirkamalov tutmuşlar. Qaliblərə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Fəxri fərmanı və hədiyyələri təqdim olunub.