Ötən ilin sentyabr ayında elan edilmiş və "Bakı Metropoliteni" QSC sosial əhəmiyyəti mühüm genişmiqyaslı layihənin həyata keçirilməsi istiqamətində ilk mühüm addımların atılmasına başlanılıb.
QSC-dən Unikal.org-a verilən məlumata görə, bu layihəyə görə əlillərin və sağlamlığı məhdud insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları artırılaraq, bu nəqliyyat vasitəsindən onların imkanlarını məhdudlaşdıran maneələr aradan qaldırılacaq. Məqsəd isə sosial ədalət prinsiplərinin tam təmin edilərək, digər kateqoriyalardan olan sağlamlığı məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsini təmin etməkdir.
Sirr deyil ki, Bakı metrosunda əlil arabaları ilə hərəkət etmək çox çətindir. Bu səbəbdən “Bakı Metropoliteni” QSC sədrinin tapşırığına əsasən, xüsusi işçi qrup yaradılaraq, vəziyyət təhlil olunub, araşdırma və müzakirələrin aparılaraq, beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanları öyrənilib. Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən edilib.
Ötən müddət ərzində layihənin həyata keçirilməsi üçün bir sıra texniki məsələlər, tətbiq ediləcək qaydalar öyrənilib və Bakı metropoliteni üçün ən uyğun variant seçilib. Əlil arabasından metropolitendən istifadə etmək istəyən şəxs əvvəlcədən sifarişini verəcək və onu metropolitendə bu iş üçün ayrılmış işçi onu stansiyanın girişində qarşılayaraq, stansiyaya endirəcək sərnişin qatarla mənzil başına çataraq, stansiyanı tərk etməsi təmin olunacaq.
Bu işlərin yerinə yetirilməsi məqsədilə birinci mərhələdə stansiyalarda konstruktiv dəyişiklikliklər nəzərdə tutulmasa da, metropolitendə istismarı əksəriyyət təşki edilən 81-717/714 tipli vaqonlarda əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb. Artıq bu yerlərin ilk nümunələri də baş vaqonların salonlarında quraşdırılıb. Qaydaya uyğun olaraq, hər baş vaqonun maşinist kabinəsinə yaxın hissəsində quraşdırılan bu yerlər bütün standartlara uyğun, ən əsası, vaqonların konstruksiyasının təməl prinsiplərinə xələl gətirilmədən quraşdırılır. Mərhələ ilə bu yerlər baş vaqonların hər birində quraşdırılacaq.
Əlillər və fiziki sağlamlığı məhdud insanlar əlil arabasında metropolitendən istifadə etmək üçün əvvəlcədən sifariş verə biləcək. Bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Əlil arabası istifadəçisi xüsusi ayrılmış telefon və ya internet vasitəsilə sifarişini verə biləcək. Sifariş əsasında o, metro stansiyasının girişində qarşılanacaq və mənzil başına çatdırılacaq. Sifariş üçün müasir texnologiyaların imkanlarından istifadə olunacaq. Bu məqsədlə xüsusi proqram işlənib və metropolitenin saytında yerləşdirilib. Əlil arabasında metropolitendən istifadə etmək istəyən sərnişinlər üçün xüsusi mobil əlavə hazırlanır. Bu proqramı yükləməklə sərnişinlərin sifariş imkanları da genişlənəcək.
Əlillərin metrodan istifadə rahatlığını təmin etmək məqsədilə texniki cəhətdən Bakı metropoliteninin mövcud infrastruktur tələblərinə cavab verən əlil arabası seçilərək gətirilib və ilkin sınaqları aparılıb. Bu məqsədlə ayrılmış işçilərin nəzəri və praktiki təlimləri, məşqləri keçirilib.
Artıq ilkin əyani sınaq da keçirilib. Könüllü olaraq, bu sınaqda iştirak edən Cəmilə Məmmədlinin iştirakı ilə bütün proses əyani təşkil edilib. Əlil arabasının qarşılanması, stansiyaya endirilməsi və qatarda mənzil başına çatdırılması prosesinin ilkin sınaqları uğurla aparılıb. Hazırda əldə olunmuş nəticələrin təhlili, təkmilləşdirilməsi, işçilərin təcrübəsinin artırılması üzərində işlər başlanılıb.
Bütün bunlar Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinin həyata keçirilməsində real addımların atıldığını əyani nümayiş etdirir. Yaxın vaxtlarda layihənin istifadəyə verilməsi ilə bağlı həlledici tədbirlərə başlanılacaq. Texniki məsələlərin əsas qismi həllini tapdıqdan sonra layihə ictimaiyyətə geniş şəkildə təqdim olunacaq.
Qeyd edək ki, metrodan əlillərin və fiziki imkanları məhdud istifadə etməsi məqsədilə silsilə addımlar atılır. Buna qədər görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə şərait yaradılmasının mümkünlüyü nəzərə alınaraq, mühüm işlər görülüb və ardıcıl olaraq genişləndirilir. Bu xüsusda Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait yaradılması qeyd oluna bilər.
Məlumat üçün onu da əlavə edək ki, 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi mümkün deyil.