Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Unikal.org xəbər verir ki, fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.
Müzakirəyə çıxarılan birinci məsələ barədə geniş məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin 2019-cu il fevral ayının 1-dən martın 28-dək, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur.
V.Səfərli bildirib ki, çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxılması günün zəruri tələbinə çevrilib.
İcraçı direktor bildirib ki, müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. V.Səfərli, həmçinin qeyd edib ki, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur.