Azərbaycan Dillər Universitetində (ADU) Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları, ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələri arasında dostluq xarakterli stolüstü tennis turniri keçirilib.

Unikal.org xəbər verir ki, Bahar bayramı - Çin Yeni ilinə həsr olunmuş idman görüşməsi isti və səmimi bir atmosferdə keçirilib. ADU-nun Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Prezident İlham Əliyevin 2005-ci ildə Çinə rəsmi səfəri zamanı Çin Olimpiya Komitəsi ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında idman-texniki əməkdaşlıq haqqında sazişin imzalanmasının idman sahəsində Azərbaycan-Çin münasibətlərinin inkişafının əsası olduğunu vurğulayıb.

R.Abbasov həmçinin qeyd edib ki, ADU Konfutsi İnstitutu  çinli idmançıların tərkibində olduğu tennis üzrə milli komandamız və Azərbaycan Stolüstü Tennis Federasiyası ilə əməkdaşlığını inkişaf etdirməyi, tələbələrin bu idman növünə cəlb edilməsini, ixtisaslı məşqçi heyətinin mübadiləsini, idmanla bağlı birgə elmi seminarların təşkilini planlaşdırır.