Milli Məclisin deputatı,Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov Qolqəti kəndində yaşayan seçicilərin nümayəndələri ilə görüşüb.


Unikal.org xəbər verir ki, görüşü açan Cavid Osmanov son 15 il ərzində Azərbaycanda görülən işlərdən və əldə olunan uğurlardan danışaraq bildirdi ki, dünya birliyinin layiqli üzvü olan müstəqil Azərbaycan bu gün ümummilli liderimiz Heydər Əliyevin müdrik strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti nəticəsində iqtisadi keçid dövrünü başa vuraraq modern inkişaf yolunda inamla irəliləyir.Daha sonra Cavid Osmanov ölkə daxilində, eləcə də Ağdaş rayonunda da həyata keçirilən infrastruktur layhələrinə diqqət çəkdi. Ağdaş rayonu da daxil olmaqla ölkənin hər bir bölgəsində kənd yollarının yenidən qurulması, yaşayış məntəqələrinin içməli su, təbii qaz, elektrik enerjisi və genişzolaqlı internet xidmətləri ilə təmin olunmasından söhbət açan millət vəkili bütün bu işlərin ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi yorulmaz siyasətin bəhrəsi olduğunu vurğuladı.
Görüş iştirakçıları ilə fikir mübadiləsi zamanı millət vəkili Azərbaycanın qazandığı uğurlardan narahatlıq keçirən dairələrin olduğuna da diqqət çəkərək qeyd etdi ki, hazırda erməni lobbisi və anti-Azərbaycan mövqeyi tutmuş şəxslər hər cəhdlə ölkənin nüfuzuna xələl gətirməyə və cəmiyyətdə dezinformasiyalar yaymaqla  insanlarda çaşqınlıq yaratmağa çalışırlar. Bu iyrənc işlərdə isə qrantlar müqabilində ələ aldıqları bəzi radikal və anti-milli şəxslərdən istifadə edirlər. Azərbaycana qarşı qara-piarın internet resusrsları üzərindən aparıldığını nəzərə alaraq bu kimi üzdən iraq şəxslərin yerindəcə cavablarının verilməsinin labüdlüyünü bilrdiən Cavid Osmanov bu işdə gəncləri daha fəal olmağa səslədi.
Görüşdə çıxış edən kənd sakinləri Oktay Muxtarov, Tariyel Günəşov və Süleyman Cəfərov millət vəkilinə onlarla görüşə gəldiyinə, maraqlı söhbətə görə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, Azərbaycanın davamlı inkişafının hər bir vətəndaş gündəlik həyatında hiss edir və yaranan problemlər vaxtında dövlətimiz tərəfindən həll edilir. Görüş iştirakçıları vurğuladılar ki, cənab Prezidentimiz hər zaman xalqımızı düşünür və xalqımızın, ölkəmizin firavan gələcəyi üçün çalışır. Bunun üçün də ağdaşlılar hər zaman cənab İlham Əliyevin ətrafında sıx birləşiblər və bundan sonra da bu belə olacaqdır.