Bir neçə gün əvvəl bəzi kütləvi informasiya vasitələrində sürücü olmayan tələbəyə avtobus sürücüsü adı ilə 3 cərimə yazılması barədə məlumat yayılıb.
Unikal.org xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb.
Bildirilib ki, bu hadisənin baş verməsi texniki yanlışlıq ucbatından olub. Belə ki, sürücülük vəsiqəsinin seriyası AE 915954 olan Hüseynov Məhəbbət Bakir oğlu idarə etdiyi “Daeweoo” markalı, 99 SA 857 dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını pozduğu üçün barəsində 3 inzibati protokol tərtib olunub. Lakin YPX əməkdaşlarından biri həmin protokolları qərarlaşdırarkən səhvən sürücülük vəsiqəsinin seriyası AE 915964 olan Zərdab ayon sakini Eminov Nurəddin Bəhlul oğlunun adına qərar qəbul edib. Məhz buna görə də həmin cərimələr Ucar rayon sakinin ünvanına gedib:
"Tələbə haqlı olaraq narazılığını bildirib. Lakin təəssüflər olsun ki, o, ilk növbədə DYP-yə rəsmi qaydada müraciət etməkdənsə kütləvi informasiya vasitələrinə üz tutub. Bununla belə DYP həmin məsələni dərhal araşdırıb və texniki səhv aradan qaldırılıb. Yəni, əslində səhv olan bir rəqəm olub ki, bu da aradan qaldırılıb. Cərimələr Hüseynov Məhəbbət Bakir oğlunun adına rəsmiləşdirilib və məsələ öz həllini tapıb".