Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında diplomların təqdim olunması mərasimi keçirilib. Mərasimdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əskərova tarix üzrə fəlsəfə doktoru dosent diplomu təqdim olunub.
Unikal.org Müvafiq qərar Ali Attestasiya Komissiyasının 1 fevral 2019-ci il tarixli kollegiya iclasında qəbul edilib.
Qeyd edək ki, Vazeh Əskərov doktorluq diplomunu 2012-ci ildə Strasburq Universitetində müdafiə edib və 2016-ci ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə təkrar attestasiya edilərək Azərbaycanda təkrar attestasiya edilmiş ilk doktorluq işi kimi tarixə düşüb.
Vazeh Əskərovun "Azərbaycanlıların emiqrasiyası, tarix və perspektivlər: Fransa nümunəsi" adlı 400 səhifəlik doktorluq işi XIX əsrin sonundan başlayaraq yeni əsrə qədər olan tarixi faktları araşdırmaqdan ibarət olub. Müəllif azərbaycanlıların Fransaya miqrasiyasını zəngin sənədlər əsasında tədqiq edib, statistik göstəricilərə istinadla 70 000 azərbaycanlının bu ölkəyə miqrasiyasının səbəblərini araşdırmağa çalışıb. Tədqiqat işində Fransada məskunlaşmış məşhur azərbaycanlılar haqqında 10-a qədər biblioqrafik məlumatlar əks olunur. Tədqiqat işində son 25 ildə Fransada məskunlaşmış 18 azərbaycanlı ailə ilə aparılan sorğu anketində nəinki Azərbaycan Respublikasından olan eləcə də 5 qonşu dövlətdən (Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran) Fransaya emiqrasiya etmiş azərbaycanlı ailələrin bu ölkəyə yerləşməsi haqqında geniş tədqiqat işi aparılıb.
2014-cü ildə Vazeh Əskərovun Avropanın tanınmış “Presses Académiques Francophones” PAF nəşriyyatında “Azərbaycanlıların emiqrasiyası, tarix və perspektivlər: Fransa nümunəsi” adlı 425 səhifəlik monoqrafiyası nəşr edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda bəhs olunan məsələ azərbaycanlıların miqrasiyasının öyrənilməsi baxımından xüsusi maraq doğurur.