Kamal müəllimi mən 2001-ci ildən tanıyıram. Bakı Slavyan Universitetinə qəbul olduğum gündən.
O illər biz XXI əsrin ilk məktəb məzunları kimi hansı universiteti seçmək məsələsinə daha həssaslıqla yanaşardıq. Məlumdur ki, odlu-alovlu gənclik eşqi, tükənməz enerji, uğurlu karyera qurmaq üçün prestijli universitet seçmək imkanı və gələcəklə bağlı bitib-tükənməyən arzular…
Şəxsən özüm universitetləri, onların gələcək perspektivlərini çox araşdırmışdım. Nəhayət, Bakı Slavyan Universitetinin üzərində dayandım. O vaxtlar ümummilli liderimiz mərhum Heydər Əliyev əvvəlki M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna 13 iyun 2000-ci il tarixli sərəncamı ilə profili genişləndirilməklə universitet statusu vermiş və Kamal Abdullayevi oraya rektor vəzifəsinə təyin etmişdi.
Hər kəs yaxşı bilir ki, Heydər Əliyev heç vaxt təsadüfi seçim etməzdi. O, strateji əhəmiyyətli hesab etdiyi struktur vəzifələri seçiminə həmişə xüsusi həssaslıqla yanaşardı.
Məhz bu səbəbdən də Kamal müəllim, rektor təyin olunduğu gündən ciddi fəaliyyətə başladı. Təkcə slavyan ölkələri ilə deyil, həmçinin yunan, alman, türk dünyası ilə elm, təhsil və mədəni əlaqələr qurmağı bacardı.
Əvvəlcə yalnız bir ixtisası olan təhsil müəssisəsi üçün yeni ixtisaslar sifariş verdi. Beynəlxalq münasibətlər, Filologiya, Dil və ədəbiyyat müəllimliyi, Xarici dil müəllimliyi, Jurnalistika, Regionşünaslıq və Tərcümə (Rusiya, Ukrayna, Türkiyə, Yunanıstan, Polşa, Çexiya, Bolqarıstan və s) ixtisaslarına respublika üzrə müraciət edib sənəd verənlərin sayı ildən-ilə çoxaldı. Daha sonra o universitetdə müvafiq ölkələrin dil və mədəniyyət mərkəzlərini yaratdı, həmin ölkələrdə də Azərbaycanşünaslığın öyrənilməsi və təbliği məqsədilə nüfuzlu tərəfdaş xarici universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzləri təsis etdi. Bu mərkəzlərə savadlı mütəxəssislər təyin etdi, dərslik və ədəbiyyatla, o cümlədən digər maddi-texniki baza ilə təmin etdi.
Bunlar hamısı mənim gözlərimin önündə baş verirdi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, məhz Bakı Slavyan Universitetinin Fəxri doktoru adına layiq görülməsi də təsadüfi deyildi. Artıq universitet nüfuzlu bir tədris ocağına çevrilmişdi. Gündən-günə böyüyən və nüfuzu artan universitet, artıq türk-slavyan dünyasını birləşdirən körpü rolunu oynamağa başlamışdı. Rusiyanın, Yunanıstanın, Ukraynanın, Bolqarıstanın, Çexiyanın, Polşanın və digər ölkələrin dövlət başçıları, hökumət adamları bu universitetin fəxri doktorları adına layiq görülməyi özlərinə şərəf hesab etdilər. Məhz Kamal müəllimin uzaqgörənliyi və yorulmaz səyi nəticəsində yaranmış bu əlaqələr formal xarakter daşımadı. Universitet, Azərbaycan Respublikasının xarici siyasətinin mühüm bir tərkib hissəsinə, Azərbaycançılıq və multikultural ideyaların qovşağına çevrildi. Bu ölkələr ilə Azərbaycan arasında mütəmadi olaraq elm, təhsil və mədəni müstəvilərdə qarşılıqlı və məhsuldar səfərlər çoxalmağa başladı. Həmin ölkələr ilə Azərbaycan arasında tələbə-müəllim mübadiləsi yarandı. Bu dövlətlərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Bakı Slavyan Universitetinin daimi qonağına çevrildilər və onillik ərzində bu səfərlər, səfirlər dəyişsə də, ənənələr dəyişməz qaldı.
Kamal müəllim rektor, pedaqoq və akademik olmaqla yanaşı, həm də tənqidçi və yazıçıdır. Özü də dünya səviyyəli bir yazıçı. Əsərləri ivrit dilindən tutmuş yapon dilinədək tərcümə olunmuş bir yazardır. Onun kitabları çapdan çıxar-çıxmaz kitabxanaya qaçıb ilk oxucularından olardıq. Onun əsərlərini oxuyub-oxumamağımızın tədris proqramımıza heç bir aidiyyatı yox idi. Bu, sırf sevgidən irəli gəlirdi…
Xatirimdədir, o, məzunlar qarşısında belə bir qayda qoymuşdu ki, dövlət imtahanlarına daxil olan fənlərindən əlavə hər bir tələbə ən azı 5 əsər oxumalı və onun məzmununu danışmalı idi. Müvafiq kafedraların müəyyənləşdirdiyi ədəbiyyat siyahısı Azərbaycan və dünya klassiklərinin ölməz əsərlərindən ibarət idi. Bu addım kitaba və ədəbiyyata olan sevgi və marağı tələbələr arasında birə-beş artırmışdı. Bir əsərin bir məktəb olduğunu qəbul etsək, hər təhsilalan öz ixtisas biliklərindən savayı 5 məktəb keçmiş olurdu.
Hətta yaradıcı və ədəbiyyata sevgisi olan, lakin tələbə adını qazanmayan gənclərin öz bilik, bacarıq və vərdişlərini təkmilləşdirmələri üçün universitet Elmi Şurasının qərarı ilə yaradılmış Yaradıcılıq fakültəsinin də təşəbbüskarı K. Abdula idi. Yüzlərlə gənc (aralarında hətta yaşlılar da var idi) bu fakültədə ustad dərsləri deyən peşəkarlardan dərs alaraq sertifikatlara layiq görülmüşdü. Kamal müəllimin özü də ustad dərsləri demək üçün öz qiymətli vaxtını əsirgəmirdi. Məhz buna görə də, Bakı Slavyan Universitetini bitirən məzunların sədası ən yüksək yerlərdən gəlməyə başladı. Öz tələbələrinə ilk iş yerini təqdim edən universitet kimi Bakı Slavyan Universiteti respublika üzrə öncül idi desəm, yəqin ki, yanılmaram.
Kamal müəllim yorulmaq nə olduğunu bilməzdi. Sanki istirahəti əmək fəaliyyətindən alırdı. Professor-müəllim heyəti də bu münasibəti özlərinə doğma hesab edərək yorulmadan çalışırdılar. O, ən innovativ ideyaların generatoru idi. Tələbələr və magistrantlar ilə görüşlərində həmişə onlara lazımi istiqamətləri göstərirdi. Sanki bizim əvəzimizə də düşünürdü. Düşünürdü ki bu ideyaları tez bir həyata keçirib irəli gedək, uğur qazanaq və gələcəyimiz üçün təcrübələr qazanaq. Kamal müəllim rektor kimi hər zaman tələbələrin haqqını qoruyurdu. Dekanlara dəfələrlə tapşırırdı ki, qapılarınızı tələbələr üçün həmişə açıq saxlayın. Biz tələbələr üçün burada, vəzifə başındayıq. Onların iştirakı, fəaliyyəti olmadan heç bir iş görməməliyik. Bir universitet kimi ilk təcrübəni onlara biz verməli, müstəqil fəaliyyət göstərib özlərini təsdiq etmələrinə biz şərait yaratmalıyıq. Məhz buna görə, universitetdə baş tutan saysız-hesabsız tədbirlərin təşkilatçıları və aparıcı qüvvələri həmişə tələbələrdən ibarət olardı. Rəqs və mahnı ifa edənlərdən tutmuş tərcüməçilərə kimi, özü də sinxron tərcüməçilər: birbaşa çex, bolqar, ukrayna, yunan və polyak dilindən çevirən gülərüz tələbələrdən… indi onların əksəriyyəti səfirliklərdə, nazirliklərdə, radio, televiziya və media mərkəzlərində çalışır.
Kamal müəllimin şəhid ailələrinin övladlarına və məcburi köçkün düşmüş tələbələrə, xüsusi qayğı və diqqəti vardı. Xarici ölkələrin təsis etdiyi adlı təqaüdlərə ilk növbədə ehtiyacı olan tələbələrin adlarını yazdırardı. Bu tələbələr isə onlara göstərilən bu etimad qarşısında gecəsini gündüzünə qatıb oxuyar və bu etibarı doğruldardılar.
Rektor olduğu müddətdə o yüzlərlə ehtiyacı olan ailələrin təhsil haqlarının ödənilməsinə birbaşa yardım etmiş, hətta onları universitetin büdcəsi hesabına təqaüd, yataqxana və yemək kartları ilə təmin etmişdi. Mənim bu sözlərimi yüzlərlə tələbə bir ağızdan təsdiq edə bilər. Əslində təsdiqə ehtiyac da yoxdur, o bu addımları qayğıkeş bir ata, humanist bir rektor kimi atmışdı; təmənnasız, qarşılıqsız. Xatırlanıb xatırlanmayacağına əhəmiyyət belə vermədən. Lakin budur, qoca bir 20 ilin keçməsinə təkcə 365 gün qalır. Amma bunu unuda bilmirəm. Bunu biz unuda bilmirik. Bütöv bir ali təhsil almış gənclik unuda bilməz və heç zaman da unutmayacaq.
Mən indi müəlliməm. Üstəlik, jurnalist kimi də fəaliyyət göstərirəm. Yaşım isə çoxdan 30-u haqlayıb. Artıq mənim özümə “müəllim” deyə müraciət edirlər. Amma hələ də o adı özümə yaraşdıra bilmirəm. Kamal müəllim akademik olsa da, sadə müəllim kimi həmişə gənc nəslin yaddaşında qalacaqdır.
Mənim kimi minlərlə gənc həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərir. Lakin onları birləşdirən bir dəyər var. Biz hamımız öz diplomumuzda akademik Kamal Abdullanın imzasını qürur və sevgi ilə daşıyırıq. Çünki dağınıq və dümağ saçlı bu nurani insan bizlərə əsl nümunədir.
Özünəməxsus səsi ilə, sözü ilə, işi tələbəsini, magistrantını, doktorantını gələcəyə, irəliyə, uğura qanadlandıran mayakdır bizim Kamal müəllim.
Sizi unutmağa haqqımız yox.
Bakı Slavyan Universitetinin məzunu Elnur Səlim