Kürdəxanıda 704 partlamamış hərbi sursat aşkarlanıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Unikal.org-a verilən məlumata görə, fevralın 18-i saat 19:20-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində patron və əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Sabunçu Rayon Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Bakı şəhəri, Sabunçu Rayon Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidən keçən Bilgəh-Sumqayıt yolunun kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyatlar növbəti gün, 2019-cu il 19 fevral tarixində davam etdirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 704 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) və 1 ədəd avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatların (PHS) ətrafında 1,500 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar-19 fevral 2019-cu il tarixlərində 39 siqnal (əməliyyat çağırışı) əsasında 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Füzuli, Goranboy, Göygöl, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran şəhərləri ərazisində 2 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, su kanalına baxış keçirilib, 838 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə mina zərərsizləşdirilib, 35,140 kv.m ərazi yerüstü və 5,460 kv.m ərazi yeraltı yoxlanılıb.