“Vətəndaşlara veriləcək kreditlərin faiz dərəcələri aşağı salınmalıdır. Çünki bu faizlərlə kredit götürən şəxs sonra çətinliklərlə üzləşir, ödəyə bilmir”.

Unikal.org xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Çingiz Qənizadə səsləndirib. Onun sözlərinə görə, elə bu səbəbdən kreditlərin qaytarılmasında problemlər yaranır.

Deputat bildirib ki, son dövlər ölkədə həyata keçirilən islahatlar müxalifəti narahat edib. Onun qənaətincə, həmin qüvvələr ölkədə aparılan müsbət işlərə kölgə salmağa çalışırlar: “Yəqin ki, qərbdən bəzi qüvvələrin cibləri açılır, bundan da yararlanmaq istəyən insanlar ölkədəki sabitliyi və inkişafı başqa cür yozmağa başlayıblar. Son dövrlər ölkə Prezidentinin tapşırığı ilə müxtəlif qurumlarda islahatlar həyata keçirilib. İslahatlar təkcə müxalif qüvvələri deyil, başqa mafioz qrupları da narahat edir. Son günlər Qida Təhlükəsizliyi Agentliyi və onun sədri Qoşqar Təhməzli ilə bağlı yazılan yazıları araşdırsaq, görərik ki, bunun arxasında “leş mafiyası” dayanır. Həmin şəxslər uzun illər yararsız və keyfiyyətsiz məhsulları vətəndaşlarımıza sırımaqla məşğul olublar. İndi də bu cür qara piar aparırlar”.