Binədə, Hövsan südçülük sovxozunda evdə partlayış baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici məhlul (rastivaritel) töküb. Nəticədə odun sobası partlayıb və qadının özü, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu aldığı müxtəlif bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

İki yaşlı M.Əliyev isə dünən xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

ƏVVƏL 10:07

***

10:40

Səhiyyə Nazirliyi Bakıda evdə odun sobasının partlaması nəticəsində xəsarət alan ailə üzvlərinin vəziyyətini açıqlayıb.

Nazirlikdən Unikal.org-a verilən açıqlamaya görə, fevralın 19-u, saat 20:50 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi ərazisindən bir ailənin dörd üzvü yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə aparılıb:

“1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlunun əl, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızının ayaq nahiyələrində yanıq xəsarətləri olub. Onların vəziyyətləri yaxşı olduğuna görə evə buraxılıblar. 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlunun bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri olub, tənəffüs yolları yanıb. O, xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub. Ötən gün 11:20 radələrində dünyasını dəyişib”.

Nazirlikdən qeyd edilib ki, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızına bədənin 50-55 faizi 3a və 3b dərəcəli yanığı diaqnozu qoyulub:

“Vəziyyəti ağır stabildir”.