Binəqədi rayonu üzrə yolların yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində növbəti addım 28 May qəsəbəsində atılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Unikal.org-a verilən məlumata görə, 28 May qəsəbəsində yenidən qurulan yolların uzunluğu 1.4 km təşkil edir. Yol başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 22-ci km-dən götürür.

Layihə çərçivəsində torpaq əsaslı yolun yararsız hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yollar boyu karbonat materialı tökülərək yol yatağı layihə hündürlüyünə qaldırılaraq profilə salınıb.

Hazırda lazımi qarışıqdan istifadə olunmaqla yeni yol əsası inşa edilir, çiyin hissələr bərkidilir. Yol əsası hazır olan hissələrin isə artıq asfaltlaması işlərinə də start verilib. Ümumilikdə təmir-tikinti işlərinin aparıldığı ərazi 10 min kv.m-ə yaxındır.

Layihənin sonuncu mərhələsində tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkilməklə yollar vətəndaşların istifadəsinə veriləcək.