Abşeron rayon Polis İdarəsinə Qobu qəsəbəsində kanalizasiya quyularının qapaqlarının oğurlanması barədə məlumat daxil olub.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, əraziyə baxış keçirilib və hadisənin baş verdiyi anın videogörüntüləri ortaya çıxıb.

Məlum olub ki, "Hyundai Elantra" markalı avtomobillə ara küçələrdə hərəkət edən şəxslər 7-dən çox kanalizasiya quyusunun qapağını çıxardaraq avtomobilin yük yerinə qoyublar.

Keçirilən əməliyyat tədbirləri ilə əvvəllər məhkum olunmuş Rıza Soltanov və Zülfəli Yusifov saxlanılıb.

Rıza Soltanov – Saxlanılan şəxs: “Zülfəli ilə birgə metal yığa-yığa gedib Qobuya çıxdıq. Yolda 6 ədəd kanalizasiya qapağı gördük. Götürüb gətirdik Binəqədidə satdıq. 60, 70 manat pul idi, aramızda böldük. Peşmanam, bu yaşıma kimi belə iş tutmamışdım. Allah şeytana lənət eləsin”.

Zülfəli Yusifov – Saxlanılan şəxs: “Maşın götürdük, 1, 2 gün sürdük, sonra Qobuya getdik. Oradan da kanalizasiya qapaqlarını götürüb Binəqədiyə gətirdik, metal qəbulu yerində satdıq”.

Faktala bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.