Ötən gün Şəmkir rayonunda baş vermiş yol qəzasında ölən və yaralananların adları məlum olub.

Unikal.org-un "Report"a istinadən  məlumatına görə, ölənlər Şəmkir rayon Əliyaqublu kənd sakini, "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Ruslan Vilayət oğlu Kazımov və onun sərnişini, 2000-ci il təvəllüdlü Elxan Nəsimi oğlu Cəlilovdur. 

Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Taleh İspəndiyar oğlu Ələkbərov və onun həmyaşıdı Bağır İlham oğlu Hüseynov yaralanıb. Yaralılardan biri Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Digər yaralı isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həmin yaralının da Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.

Yük maşının sürücüsünün isə xəsarət almadığı bildirilir.

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşının idarə etdiyi TIR-la Şəmkir rayonunun Əliyaqublu kənd sakini Ruslan Kazımovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə 2 nəfər ölüb, digər ikisi isə yaralanıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (nəqliyyatda ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.