Xəbər verdiyimiz kimi, ötən gün “Dalan” filminin təqdimatı baş tutub.
Unikal.org-un məlumatına görə, baş rollarında Sevinc Əliyeva və Ziya Ağanın oynadığı ekran işi sevişmə səhnəsi ilə diqqət çəkib.
Azərbaycan milli mentalitetinin ağır tərəflərinin əks etdirildiyi filmin qəhrəmanları özündən yaşca böyük şəxslərlə ailə quran Arzu və Yusifdir.
İllərdir iş adamı olan ərinin əsarətində yaşayan, universitet bitirsə də, bir çox azərbaycanlı ailələrdə olduğu kimi “ər çörəyi”nə məhkum edilən Arzu sıxıcı evlilik yaşayır. Əri onu başqası ilə aldadır, ona evdə qulluqçu kimi yanaşır. Sevinc Əliyeva canlandırdığı obrazla sadə azərbaycanlı xanımını gözəl şəkildə canlandırmağı bacarıb. Səs tembri isə buna tam icazə verib.
Yusif isə az qala anası yaşda olacaq bir qadınla evlidir. Bu obrazı isə Münəvvər Əliyeva canlandırıb. O, digər obrazlarına nisbətən, daha zəif aktrisa oyunu ilə tamaşaçıların qarşısına çıxıb.
“Dalan”da ən diqqətçəkən səhnə isə Ziya Ağa və Sevinc Əliyanın sevişmə səhnəsidir.
Filmin verdiyi sosial mesaj isə ailəyə hər zaman diqqət və qayğı göstərməyin lazımlı olması, bəzən güvəndiyimiz şəxsləri yanlış seçməyimiz və diqqətli olmağımızdır.