Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan Respublikası vətəndaşlarının İran İslam Respublikasından narkotik maddə əldə edərək gətirəcəkləri barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, məlumat əsasında iki nəfər Azərbaycan Respublikasının vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.
Sorğu-sual zamanı vətəndaşlar üzərlərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildiriblər. Şəxsi yoxlama zamanı onların üzərindən qanunla qadağan olunan hər hansı predmet aşkar edilməsə də, hərəkətləri şübhə yaratdığından vətəndaşların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb və Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində xanım vətəndaşlardan birinin daxili bədən boşluğundan 2 ədəd selofan bükümdə ümumi xalis çəkisi 140,388 qram, digərindən isə 2 ədəd bükümdə ümumi xalis çəkisi 117,339 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.