Ötən gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib.
İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Unikal.org-a bildirib ki, iclasda prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Kinematoqrafiyasının İnkişaf konsepsiyası” ilə bağlı sərəncamın icrasına uyğun olaraq, müzakirələr aparılmış, təkliflər verilmişdir. Həmin sərəncamın icrasına uyğun, iclasda veteranlara və gənclərə yardım fondu yaradılmışdır. Bu fond vasitəsiylə vetereanlara və gənclərə mütamadi olaraq maddi yardımlar ediləcək.
Daha sonra qrumun sözçüsü qeyd edib ki, iclasda İttifaqın İdarə heyəti tərəfindən gənc kinematoqrafçılar üçün “Yeni nəfəs” Milli Mükafatı(pullu mükafat) təsis olunub. Bu mükafat hər il 2 avqust “Milli Kino” Günündə yaradıcıllıq axtarışında olan, öz işi ilə fərqlənən, uğurlar qazanan və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olan gənc kinematoqrafçılara təqdim ediləcək.
Daha sonra iclasda gündəlikdə olan digər məsələlər müzakirə edilmiş, 30 dan çox kino sahəsində çalışan şəxslər İttifaqa üzv qəbul edilmişdir.