"Atlas" Araşdırmalar Mərkəzi Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son prosesləri analiz edən məqalə hazırlayıb.
Unikal.org həmin yazını təqdim edir:
İlham Əliyev Berlindəki çıxışında belə bir fikir söylədi ki, atəşkəsin mövcud olduğu 22 ildə Azərbaycan böyük layihələr həyata keçirib, ölkənin hən maliyyə potensialı artıb, həm də neft və qazı dünya bazarlarına çıxaran boru xətləri tikilib. Azərbaycan Türkiyə, Gürcüstan, Rusiya və İranla birgə regional nəqliyyat layihələrini reallaşdırır.
Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığına və Dağlıq Qarabağ münaqişəsinin həllini uzatdığına görə heç bir regional layihədə iştirak edə bilmir. Rusiya və İran Ermənistanın strateji müttəfiqləridir. Buna baxmayaraq, Rusiya məhz Azərbaycanla iqtisadi əməkdaşlığa maraq göstərir. Çünki Azərbaycanla əməkdaşlıq Rusiya üçün daha faydalıdır. İran rəsmiləri son zamanlar erməni həmkarları ilə görüşlərinə intensivləşdirmələrinə baxmayaraq, Tehranın Ermənistanla iqtisadi layihələr reallaşdıracağı problematikdir.
Birincisi, Rusiya və İran Azərbaycan üzərindən dünya bazarlarına çıxmaq imkanı qazanırlar.
İkincisi, Azərbaycan öz ərazisindən keçən nəqliyyat yollarını öz hesabına maliyələşdirir.
Ermənistan bu faktorların heç birinə malik deyil.
Buna baxmayaraq, rəsmi İrəvan digər məsələlərdə Azərbaycanı qabaqlamaq istəyir. Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan iyunun 5-də İrana səfər etdi. Bu səfərdə erməni nazir iranlı həmkarı ilə iki ölkə arasında viza rejiminin liberallaşdırılması barədə sənədə imza atdılar. Yəni yaxın müddətdə viza tələb edilmədən İran vətəndaşları Ermənistanda, Ermənistan vətəndaşları isə İranda 90 gün müddətinə qala biləcəklər.
Bu məsələdə Azərbaycan Ermənistandan geri qala bilər. Rəsmi Bakı Türkiyə və İran vətəndaşlarına qarşı tətbiq edilən viza ortadan qaldırılmalıdır. Və viza qərarının Türkiyə və İran vətəndaşları ilə bağlı eyni gündə verilməsi doğru olar. İranda yaşayan azərbaycanlıların Arazın bu tayındakı vətənlərinə rahat gəlmələrinə şərait yaradılmalıdır. Bu həm turizmin inkişafına xidmət edəcək, həm də Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğundur. Rəsmi Bakı İranda yaşayan azərbaycanlıların rəsmi Tehranın xarici siyasətinə, o cümlədən Ermənistanla əməkdaşlığına təsir etməsini istəyir. Buna nail olmaq üçün isə İranda yaşayan azərbaycanlıların Azərbaycan Respublikasına sərbəst daxil olmalarına şərait yaradılmalıdır.
Bu arada, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov maraqlı açıqlamalar verdi. Adətən danışıqların gedişatı və təkliflər haqqında amerikalı həmsədr Ceyms Uorlik açıqlama verir. Bu dəfə isə rusiyalı diplomat bəzi detallara aydınlıq gətirdi.
Birincisi, İqor Popovun sözlərinə görə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı çərçivə sazişi ilə bağlı anlaşmanın əldə edilməsi üçün perspektivlər mövcuddur.
İkincisi, rusiyalı diplomat dedi ki, cəbhə bölgəsində insidentlərin araşdırılması mexanizmi ilə bağlı ən yüksək səviyyədə razılıq əldə edilib və hazırda ATƏT mütəxəssisləri bu məsələnin həlli ilə məşğuldurlar.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu ayın sonunda baş tutmalıdır. Rusiya prezidentinin vasitəsilə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərində görüşəcəkləri ehtimal edilir. Buna baxmayaraq, bu görüşdən real nəticə çıxmayacaq. Çünki Minsk Qrupu fəaliyyətini çərçivə sazişinə yox, atəşkəs mexanizminin gücləndirilməsinə yönəldib. Bu isə rəsmi Bakını razı sala bilməz. Azərbaycan hakimiyyəti diqqətin daha çox çərçivə sazişinə yönəldilməsini istəyir. Çünki həmin sazişdə münaqişənin mərhələli şəkildə həlli göstərilməlidir. Hələ ki, bu istiqamətdə irəriləyiş yoxdur. Bu olmadığına görə də Azərbaycan prezidenti atəşkəsin kövrək olduğunu bildirir. Başqa sözlə, atəşkəs müvəqqətidir.
Atəşkəsin müvəqqəti xarakter daşıması və yeni toqquşmaların başlaması ehtimalı isə daha çox Dağlıq Qarabağın erməni əhalisini qorxudur. Məsələn aprel atyındakı döyüşlərdən sonra Talış kəndinin erməni əhalisi evlərini tərk ediblər. Ermənistan hakimiyyəti və Xankəndidəki separatçılar Talış kəndini tərk edən erməniləri yenidən evlərinə qaytarmaq istəyirlər. Bunun üçün separatçılar Talış kəndinin keçmiş sakinlərinə "Sizə yeni evlər tikəcəyik", "pul verəcəyik" kimi müxtəlif vədlər verirlər. Ancaq Ermənistanın müxtəlif rayonlarında və Xankəndidə məskunlaşan ermənilər Talış kəndinə qayıtmaq istəmirlər. Onlar nə təzə ev, nə də pul istəyirlər, yeganə istəkləri Talışda təhlükəsizliklərinin təminatıdır. O da işğal davam etdikcə, mümkün deyil və bunu Talış kəndinin erməni sakinləri Ermənistan hakimiyyətindən və Xankəndidəki separatçıların liderlərindən daha yaxşı anlayırlar.
Separatçıların "prezidenti" Bako Saakyan Talış kəndinin Marine Saakyan adlı azyaşı uşaq anasına bu sözlərlə müraciət edib: "Sizə hər cür şərait yaradacağıq, qayıdın kəndinizə". Qadının cavabı maraqlı olub: "Talış kəndinin məskunkaşdırılması Sizə bu qədər çox lazımdırsa, qoy Sizin ailəniz bizim evə köçsün və Azərbaycan ordusu ilə təmas xəttində yaşasın, biz isə Xankəndidə ağır şəraitdə də yaşamağa hazırıq".