"Bakıda sosial mənzillər əsasən şəhərin kənarında tikilməlidir. Buna səbəb həmin yerlərdə torpaq sahələrinin nisbətən ucuzluğu və maya dəyərinin aşağı olmasıdır".
Unikal.org bildirir ki, bunu AzVision.az-a millət vəkili Musa Quliyev deyib. Deputat hesab edir ki, sosial evlərin şəhərin mərkəzində tikilməsi məqsədəuyğun deyil: "Yaxşı olar ki, bu evlər məhəllələr şəklində tikilsin. Həmin yerlərdə tək yaşayış evləri deyil, həm də ifrastruktur yaradılmalıdır. Mağazalar, iaşə obyektləri, məktəb, bağça və poliklinikanın olması vacibdir. İnsanların rahatlığı üçün şərait yaradılarsa, şəhərin mərkəzində yaşamağa ehtiyac qalmayacaq. Hesab edirəm ki, sosial evlərin şəhərin mərkəzində olmasının heç bir anlamı yoxdur".
Bundan əlavə M.Quliyev bildirib ki, bu il sosial evlərin tikintisinə başlanılacaq və mənzillər tez bir zamanda istifadəyə veriləcək: "Sosial evləri paytaxt Bakı ilə yanaşı regionlarda da tikməy lazımdır ki, əhalinin Bakıya axını dayansın".
Millət vəkili Vahid Əhmədov isə bildirib ki, hazırda sosial evlərin tikilməsi üçün böyük iş gedir: "Hazırda yerlərin müəyyən edilməsi üçün işlər aparılır. Burada yerlərin müəyyən olunması vacib şərtlərdəndir. Bundan sonra biznesmenlər və sahibkarlar cəlb edilməklə tikintiyə başlanılacaq. Hazırda bu istiqamətdə işlər başlanılıb və davam etdirilir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev müsahibəsində bildirib ki, sosial mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanıb.
Agentliyin direktoru qeyd edib ki, indiyədək Bakının əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxış keçirilib, onların müxtəlif meyarlar üzrə (ölçüləri, topoqrafiyası, nəqliyyat və digər infrastrukturun mövcudluğu və s.) ilkin qiymətləndirilməsi həyata keçirilib: "Bununla yanaşı, artıq Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib. Ümumiyyətlə, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək".