Bu gün Azərbaycan Dillər Universiteti (ADU) ilə İndoneziyanın Ahmad Dahlan Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Unikal.org xəbər verir ki, memorandum tələbə-müəllim mübadiləsinə imkan yaratmaq, tədqiqat aparmaq, qarşılıqlı akademik səfərlər həyata keçirmək məqsədilə ADU-nun rektoru, akademik Kamal Abdulla və Ahmad Dahlan Universitetinin rektoru, doktor Kasiyarno M.Hum tərəfindən imzalanıb.
Rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu deyib. O, ADU tələbələrinə mühazirə oxuduğu üçün nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib: “Artıq məlumatım var ki, bu görüş yüksək səviyyədə və maraqlı keçib. Bu tələbələr gələcəkdə Azərbaycanda İndoneziya mədəniyyətini, ədəbiyyatını, həqiqətlərini təbliğ edəcək lobbidirlər. Ümid edirik, İndoneziyada da Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, həqiqətlərini öyrənən azərbaycanşünaslar yetişəcək. Bizim prezidentlərimiz iki ölkənin daha da yaxınlaşması üçün hər şey edirlər. Biz də universitetlərdə gərək həmin işi davam etdirək, dövlətlərimizin siyasətinin bir-birinə yaxınlaşmasına öz dəstəyimizi göstərək. Bu gün imzalayacağımız müqavilə bizim yaxınlığımızın göstəricisi kimi gələcəyə olan strateji arzularımızı da əks etdirəcək. Arzu edirəm, universitetlər, tələbələr, müəllimlərimiz arasında əlaqələr bundan sonra da genişlənsin”.
Rektor Kamal Abdulla memorandumun imzalandığı Ulu öndər Heydər Əliyev Muzey lektoriyası haqqında da qonaqlara məlumat verib: “Bu auditoriya bizim ulu öndərimiz Heydər Əliyevin adını daşıyır. Burada onun doğum günlərindən, gənclik illərindən, ölkəmizin rəhbərliyində təmsil olunduğu illərə təsadüf edən şəkillərdən ibarət guşələr var. Bu, bizim müqəddəs saydığımız auditoriyadır. Auditoriyanı bizim müəllimlərimiz, tələbələrimiz öz əlləri ilə qurublar. Qonaqlarımıza bu məkanı göstərməkdən qürur hissi keçiririk”.
İndoneziyanın Ahmad Dahlan Universitetinin rektoru, doktor Kasiyarno M.Hum səmimi qəbula görə təşəkkürünü bildirib. Rektor ADU tələbələri ilə görüşdən, onların İndoneziyaya marağından məmnun qaldığını deyib. O, ADU ilə əməkdaşlıqda maraqlı olduqlarını xüsusi diqqətə çatdırıb. Ahmad Dahlan Universitetinin Məhəmmədiyyə təşkilatının bir hissəsi olduğunu deyən rektor universitet haqqında ətraflı məlumat verib: “Universitet Cakarta şəhərində yerləşir. Bu şəhər tələbə şəhərciyi kimi tanınır. Çünki bu şəhərdə 103 özəl, 52 dövlət ali məktəbi var. Bir sözlə, şəhər təhsil şəhəri kimi tanınır. Hazırda universitetin 27 min tələbəsi var. Tələbələr 50 ixtisas üzrə 11 fakültədə təhsil alır”.
Rektor ADU ilə rəhbərlik etdiyi universitet arasında əməkdaşlığa uyğun ixtisasların mövcud olduğunu, birgə seminarların təşkilinin, kitabların çap olunmasının, müəllim-tələbə mübadiləsinin mümkünlüyünü bildirib.
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani memorandumun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirib. Azərbaycan Dillər Universitetinin tədris və təhsil istiqamətində apardığı işləri yüksək qiymətləndirən diplomat ali təhsil ocağının rektoru, akademik Kamal Abdullanı İndoneziyaya səfərə dəvət edib: “Ümid edirik ki, bu cür vacib sənədləri sizin iştirakınızla İndoneziya universitetlərində də imzlaya biləcəyik. Rəhbərlik etdiyiniz Azərbaycan Dillər Universiteti bizim hamımız üçün doğma məkandır. Burada özümüzü böyük ailənin bir üzvü kimi hiss edirik”.
Görüşdə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri İndoneziya dilində qonaqları salamlayıblar, imzalanan sənədin onların gələcək inkişafına böyük təkan olacağını deyiblər.
Qeyd edək ki, imzalanma mərasimindən öncə Ahmad Dahlan Universitetinin rektoru, doktor Kasiyarno M.Hum ADU-nun İndoneziya Araşdırmalar Mərkəzində tələbələrə “İslam və yerli mədəniyyət” mövzusunda mühazirə oxuyub.