Səbail Rayon Məhkəməsində "Sahil" bağında baş vermiş qətl hadisəsi zamanı zərər çəkən şəxslərdən biri - Orxan Məmmədzadənin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Unikal.org report-a istinadən bildirir ki, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə O.Məmmədzadə barəsində 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilib.
Qərardan narazı qalan O.Məmmədzadə apellyasiya şikayəti verib. Bakı Apellyaiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən ilkin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyunun 16-na tıəyin edilib.
Qeyd edək ki, qətl hadisə 2015-ci il yanvar ayının 6-da "Sahil" bağında baş verib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və O.Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən H.Həsənovun gəzdirdiyi it onun həyat yoldaşı və rəfiqələrinə hürməyə başlayıb. Buna hirslənən E.Çobanov H.Həsənovdan itini kənara çəkməsini istəyib. Tərəflər arasında mübahisə yaranıb və E.Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə H.Həsənova, daha sonra isə onun dostu O.Məmmədzadəyə zərbə endirib. Hadisədən sonra E.Çobanov oranı tərk edib. Bıçaq yarası alan H.Həsənov hadisə yerində dünyasını dəyişib.
E.Çobanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.
Ötən ilin dekabr ayının 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, prokurorluq isə apellyasiya protesti verib. Bakı Apellyaiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən saxlayıb.
Xatırladaq ki, fakt üzrə Səbail Rayon Polis İdarəsində O.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.