Almaniya Daxili İşlər Nazirliyinin müşaviri Günter Krings Bundestaqda "erməni soyqırımı" layihəsini dəstəkləyən türk millət vəkillərini müdafiə edib.

Unikal.org anspress-ə istinadən bildirir ki, Krings millət vəkillərini tənqid edən Almaniyada yaşayan türklərin yaşamaq icazəsini uzatmamağı təklif edib. 

Türk vətəndaşlara təhdid xarakterli çağırış kimi qiymətləndirilən bu fikirlər birmənalı qarşılanmayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın türk millət vəkillərə etirazını xatırladan Almaniya rəsmisi vətəndaşlara "eyni düşüncədə olmayın" kimi ifadələr səsləndirib.

"Türk vəkillərə etiraz edən insanlar Almaniya və alman hüquq sisteminə uyğunlaşmayıblar.  Ona görə də təbii ki, bu vəziyyətdə Almaniyada yaşamaq icazəsi ilə bağlı məsələlər diqqət mərkəzinə gətirilməlidir".

Almaniya parlamentində qəbul edilən səsvermə zamanı 11 türk millət vəkili "soyqırım" layihəsinin qəbulunun lehinə səs vermişdi. Rəcəb Tayyib Ərdoğan Almaniyada "soyqırım" layihəsinə "hə" deyən millət vəkillərini kəskin tənqid edib. O deyib ki, həmin millət vəkillərinin türklüklə heç bir əlaqəsi yoxdur. Onlar terror təşkilatının qollarına xidmət edirlər.

İyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni "soyqırımı" layihəsini səsverməyə çıxarıb. Bundestaq qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. 

Qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.

Türkiyə  və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib.