Bu gün Saatlıda «Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru» mövzusunda konfrans keçirilib.
Unikal.org-un məlumatına görə, konfransı giriş sözü ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Sıraqəddin Cabbarov açaraq bildirib ki, Azərbaycanın ictimai-siyasi fikir tarixində bir sıra önəmli şəxsiyyətlər olub. Bu şəxsiyyətlər istər XIX sərin sonlarına doğru vüsət almaqda olan maarifçilik hərəkatında, istərsə də ilk dövlət müstəqilliyinə aparan yolda sanki mayak rolu oynayıblar. Onlar taleyin xalqın üzünə gülmədiyi məqamlarda meydana çıxıblar və ağır yükü çiyinlərinə alıblar. Ümummilli Lider Heydər Əliyev də məhz belə bir məqamda Azərbaycanda rəhbərliyə başlayıb.
S.Cabbarov bildirib ki, Ulu Öndərin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi ilə həyata keçirdiyi tədbirlər Azərbaycanın keçmiş müttəfiq respublikaları arasındakı nüfuzunun artmasına səbəb olmuşdu. Qısa müddətdə bütün istiqamətlərdə dinamik inkişaf əldə edilmiş və götürülmüş temp xalqın milli özünüdərkinə də yol açmışdı. Nəticə etibarilə Ulu Öndərin fəaliyyəti müstəqil Azərbaycan üçün bir növ baza yaratmışdı. Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyini əldə etməsində də bu bazanın mühüm rolu olmuşdu. Müstəqilliyin qorunub saxlanması isə bilavasitə Heydər Əliyev şəxsiyyətinə xas qətiyyətin, prinsipiallığın və yüksək idarəçilik təcrübəsinin təntənəsi idi. Bu mənada onun 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı böyük tarixi əhəmiyyət daşıyan hadisədir.
Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Heydər Əliyev şəxsiyyəti bütün dövrlər üçün öyrənilməsi vacib olan məktəbdir. «Bu məktəb dövlət idarəçiliyinin zəngin təcrübə mənbəyidir. Bu təcrübə isə xalqa xidmət amalına söykənir. İnsanları dinləmək, duymaq, zamanında düzgün qərar vermək, ən çətin vəziyyətlərdən çıxmaq məharəti - bütün bunlar son dərəcə vacibdir. Heydər Əliyev əməli fəaliyyəti ilə təkcə bu vacibliyi rəhbər tutmurdu, eyni zamanda öyrədirdi. Təsadüfi deyil ki, bu gün Azərbaycanda ictimai fəaliyyətdə və dövlət idarəçiliyində mühüm mövqeyə malik şəxslər məhz Heydər Əliyev məktəbinin məzunlarıdır», - deyə Ə.Amaşov vurğulayıb.
Ə.Amaşov çıxışında mərhum prezident Heydər Əliyevin jurnalistikanın missiyasına hər zaman böyük önəm verdiyini də diqqətə çatdırıb.
O bildirib ki, Ümumilli Liderin həyata keçirdiyi tədbirlər vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində medianın rolunu xüsusi vurğulayıb. Bunun nəticəsi idi ki, Azərbaycanda söz, ifadə və mətbuat azadlığının istər hüquqi əsasları yaradıldı, istərsə də maddi-texniki bazasının qurulması prosesinə start verildi. «Heydər Əliyev 15 iyun 1993-cü ildəki qayıdışı ilə Azərbaycanı iflasdan qurtardı. 6 avqust 1998-ci ildə isə mətbuatı senzura buxovundan xilas etdi. Bu, çox çətin dövrdə verilmiş mühüm qərar idi. Müharibə təhlükəsi sovuşmamışdı, üstəlik dövlətin əsasları da kövrək idi.
Lakin Heydər Əliyev bütün riskləri hesabladı və ölkə mediası, ümumilikdə ictimai fikir tarixində son dərəcə mühüm addım atdı. Azərbaycan jurnalistləri bu cəhəti yaxşı dərk etdilər. Təsadüfi deyil ki, «Jurnalistlərin dostu» mükafatı ilə bağlı keçirilən sorğuda Prezident Heydər Əliyev media nümayəndələrinin seçimi oldu», - deyən deputat onu da bildirib ki, Ulu Öndərin bütün istiqamətlərdə olduğu kimi, media sahəsindəki siyasi idarəçilik xətti də davamlı xarakter daşıyır.
MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Heydər Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət medianın struktur və məzmun baxımından yenidən qurulmasına səbəb oldu.
İlk növbədə söz və ifadə azadlığının konstitusyon əsasları formalaşdırıldı. Ana qanunda təsbit olunmuş əsaslar hüquqi nomativ bazanın həm təkmilləşdirilməsi, həm də beynəlxalq standartlara uyğun şəkildə yaradılması üçün çıxış nöqtəsinə çevrildi. Eyni zamanda böyük siyasi iradə nümayiş etdirən Heydər Əliyev media üçün senzurasız mühit formalaşdırdı. Daha sonra mətbuat tam şəkildə dövlətsizləşdirildi - Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Həyata keçirilən tədbirlər jurnalistikaya yeni nəfəs gətirdi. Paralel olaraq həm cəmiyyətin informasiya tələbatının ödənilməsinə, həm də jurnalistikanın bu tələbata adekvat fəaliyyətinin təminatına diqqət yetirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Heydər Əliyevi ölkəsi və xalqı üçün böyük fədakarlıqlar edən, cəfalara qatlaşan tarixi lider kimi xarakterizə edib. Ulu Öndərin miras qoyduğu irsin öyrənilməsinin zəruriliyini vurğulayan V.Səfərli istər rəhbərlik etdiyi qurumun, istərsə də digər təşkilatların bu mövzuda gerçəkləşdirdiyi tədbirlərin 15 iyun Milli Qurtuluş Gününün mahiyyətini təbliğ etmək baxımından əhəmiyyətini əsaslandırıb.
İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Cahangir Məmmədli çıxışını Heydər Əliyev şəxsiyyətinin jurnalistikaya, ümumən media ictimaiyyətinə diqqət və qayğısını isbatlayan fikirlər üzərində qurub. O bildirib ki, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə ictimai fikrin dirçəlişinə təkan verib. Bu istiqamətdəki tədbirləri dəstəkləyərək Azərbaycanı daim ucalarda görmək istəyini reallığa çevirib. "Heydər Əliyevin deyirdi ki,  Azərbaycan dünyaya günəş kimi doğacaq. Bu gün əminliklə demək olar ki, Azərbaycan dünyaya günəş kimi doğub. Biz bu yüksəlişə yeni-yeni çalarlar gətirməliyik", - deyə o vurğulayıb.
 
***
 Konfransda Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş «Muğanımız - tariximiz, sərvətimiz» mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılıb.
Müsabiqə ilə bağlı məlumat verən MŞ sədri Ə.Amaşov bildirib ki, müsabiqəyə yazı qəbulu aprelin 15-dən may ayının 30-dək davam edib. Bu mddətdə 30-dan artıq yazı daxil olub. Materialların müəllifləri ölkənin qəzet, elektron media portalı daxil olmaqla ölkənin 19 kütləvi informasiya vasitəsində çalışan jurnalistlərdir.
Materiallar 5 ekseprt tərəfindən qiymətləndirilib: «Öncədən deyim ki, müsabiqədə 10 həvəsləndirici mükafat nəzərdə tutulurdu. Elə oldu ki, ekspertlər sonda iki iştirakçının eyni bal topladığını müəyyənləşdirdilər. Buna görə də 10 deyil, 11 həvəsləndirici mükafat sahibimiz var. Bundan başqa 3 nəfər üçüncü, 2 nəfər ikinci yerə layiq görülüb. Nəhayət müsabiqəmizdə 1 qalib var».
Daha sonra «Muğanımız - tariximiz, sərvətimiz» mövzusundakı müsabiqənin qaliblərinə diplomlar və pul mükafatı təqdim olunub. Qeyd edək ki, müsabiqə üzrə birinci yerin sahibi 1000, ikinci yerin sahibləri 800, üçüncü yerin sahibləri isə 500 manat məbləğində pulla mükafatlandırılıblar. 11 həvəsləndirici mükafat sahibinin hər birinə 100 manat təqdim edilib.
 
Mükafatçılar aşağıdakılardır:
 
I yer
 
Qurban Yaquboğlu, "Teleqraf.com" saytı
 
II yer
 
Rauf Nəsirov, "Bakinski raboçi" qəzeti
Mahir Allahyarov, "Dönüş" qəzeti (Saatlı)
 
III yer
 
Əhməd Məmmədov, "İki sahil" qəzeti
Samirə Səfərova, "Bakı xəbər" qəzeti
Əliqismət Bədəlov, "Xalq qəzeti"
 
11 jurnalistə isə həvəsləndirici mükafat verilib.