Mayın 6-da Azərbaycan Kooperasiya Universitetində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii tədbir keçirilib.

Unikal.org xəbər verir ki,  Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi və universitetin Kitab və ART klublarının birgə təşkilatçılığı ilə baş tutan bədii-musiqili gecədə Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin rəhbərliyi, hər iki təhsil ocağının müəllimləri və ədəbiyyatsevər tələbələri iştirak edib. 
Tədbirdə universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva mütəfəkkir şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

Qeyd edilib ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.

Bədii-musiqili gecədə gənc xanəndələrin ifasında Nəsiminin qəzəllərindən ibarət muğam parçaları səsləndirilib. Nümunəvi rəqs və nağara qrupları müxtəlif nömrələr təqdim ediblər.

Sonda tədbirin fəal iştirakçılarına universitetin fəxri fərmanları təqdim olunub.