Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 6-da “Düşüncə Gücü – Gənclərin Fərdi İnkişafına Dəstək” İctimai Birliyinin idarə heyəti və təşkilata üzv olan gənclər Fəxri xiyabana gələrək, xalqımızın ulu öndəri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Unikal.org xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
“Düşüncə Gücü – Gənclərin Fərdi İnkişafına Dəstək” İctimai Birliyi, əsası Heydər Əliyev tərəfindən qoyulan, hal-hazırda isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclərin rolunu daha da genişləndirən bir vətəndaş cəmiyyəti institutudur.
Təşkilat öz sıralarında 3000-dən artıq gənci birləşdirərək, onların bilik və bacarıqlarının artırılması ilə bağlı tədbirlər təşkil edir, mütəmadi olaraq gənclərin inkişafı və maarifləndirilməsi üçün seminar və təlimlər keçirir.