Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirilib.

Unikal.org xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.

`Tədbirdə məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi barədə çıxış edib. Komitə sədri bildirib ki, bir qərinədən də çox zaman kəsiyində ölkəmizin rəhbəri olmuş ümummilli lider Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixin ən sərt və çətin sınaqlarından keçən xalqımız əxz etdiyi milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. Komitə sədri qeyd edib ki, müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə nicat axtaran xalqımızın yeganə ümidi olan ulu öndər Heydər Əliyev dərin təfəkkürü, iti zəkası, polad kimi mətin iradəsi, müdrikliyə söykənən qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti sayəsində millətimizi və dövlətimizi böyük bəlalardan xilas edərək ölkəmizin güclü iqtisadiyyatı olan demokratik, hüquqi və dünyəvi dövlətə çevrilməsinə müvəffəq olub. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassik və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu həmin prinsiplərə istinad etməsi bu fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillər idi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasını, onun uzaqgörən və müdrik siyasətini keyfiyyətcə yeni müstəvidə ugurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi, həmçinin gərgin əməyi və yorulmaz fəaliyyəti ilə respublikamızda aparılan islahatlar və əldə olunmuş böyük nailiyyətlərdən bəhs edən Komitə sədri ölkəmizin sürətlə və hərtərəfli inkişaf etməsini, dövlətimizin daha da qüdrətlənməsini xüsusi vurğulayıb. Tahir Budaqov Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və siyasi irsinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirib, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib. 

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin Həyat Keyfiyyətinin Statistikası şöbəsinin müdiri Yaşar Paşa, Ümumi şöbənin vətəndaşların qəbulu sektorunun müdiri Ramiq Novruzov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarışısında misilsiz xidmətlərindən söz açmış, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışmışlar. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilmişdir. 

Sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Komitə gəncləri arasında keçirilmiş mini futbol üzrə ənənəvi idman turnirinin qalibləri mükafatlandırılıb.

Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan filmin nümayişi ilə başa çatıb.