Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi Salonunda Azərbaycanın görkəmli siyasi xadimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Ulu öndərə ehtiramla” adlı rəsm sərgisi açılıb.

Unikal.org xəbər verir ki, memarlıq fakültəsinin sonuncu kurs tələbəsi İsmayıl Hacıyevin dahi şəxsiyyətə həsr etdiyi fərdi yaradıcılıq sərgisində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, tələbələr, gənc memarın ailə üzvləri iştirak edib.

Gülçöhrə Məmmədova müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunan sərgini yüksək qiymətləndirib, Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki əvəzsiz xidmətlərindən bəhs edib. Müstəqilliyimizin ilk illəri hakimiyyətə gəlişi ilə xalqımızın köməyinə çatan ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında və ölkənin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıb. İstedadlı gənc rəssam, memar kimi İ.Hacıyevin AzMİU-da bir neçə dəfə sərgilərinin nümayiş olunduğunu, bugünkü sərginin isə ulu öndərə olan ehtiramın xüsusi göstəricisi olduğunu qeyd edib.

İ.Hacıyev də öz növbəsində AzMİU-nun rektoru G.Məmmədovaya və sərgi iştirakçılarına təşəkkürünü bildirib. Gənc memar deyib: “Sərgidə nümayiş olunan əsərlər arasında Ulu öndərin iş masasında görüntüsü yer alıb. Bu əsər mənim ulu öndərə olan ehtiramımın, onunla bağlı olan bütün fikir və hislərimin ifadəsidir. Mən Heydər Əliyevi iş başında göstərmək istəmişəm. Onun gözlərində gələcək, azad, firavan, təhlükəsiz Azərbaycanın xəyalı canlanır. Məhz onun görmək istədiyi Azərbaycan!”

Sərginin rəmzi qırmızı lenti kəsilib, sənətsevərlər gənc memarın əl işlərinə baxış keçirib. Sərgidə ən diqqət çəkən əsər Ulu öndərin kətan üzərində yağlı boya ilə çəkilən böyük portreti olub, 5 aya ərsəyə gələn rəsm əsəri ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Bundan əlavə gənc memarın çövkənə, Qarabağ atına, müsəlmanların müqəddəs ziyarətgahı olan Məkkəyə, Naxçıvanda yerləşən İlandağa həsr etdiyi rəsm əsərləri də gələn qonaqlarda xoş təəssürat oyadıb. Ümumilikdə, İ.Hacıyevin sərgidə 30-a yaxın rəsm əsəri nümayiş olunub.

Qeyd edək ki, Ulu öndərə həsr olunan sərgi mayın 14-dək davam edəcək.