Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Abşeron rayonunda məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib.
Unikal.org xəbər verir ki, tədbir rayonda məcburi köçkünlər üçün inşa olunmuş yeni yaşayış kompleksində təşkil edilib. Yarmarkada 80 müəssisədən 881 vakant iş yeri təqdim olunub.
Tədbirin açılışında qeyd olunub ki, prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri ölkədə məşğulluq imkanlarının artırılması, əmək resurslarının səmərəli məşğulluğunun təminatıdır.
2019-cu ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti tərəfindən 1876 məcburi köçkün münasib işlə təmin edilib, 1529 məcburi köçkün “İşsizin DOSTu” proqramı çərçivəsində əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Cari ilin yanvar-aprel aylarında bu proqrama artıq 1610 nəfər cəlb olunub ki, onlardan 400-ə yaxını məcburi köçkünlərdir.
Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar. Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.