Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) popkorn satan uşaqla bağlı araşdırmalara başlanılıb.

Bu barədə Unikal.org-a Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

O bildirib ki, hadisə ilə bağlı AQUPDK-ya müraciət olunub: 

“Bakı şəhəri ərazisində yeniyetmənin keçidlərin birində popkorn satması ilə bağlı müraciət daxil olub. Hazırda tərəfimizdən faktla bağlı araşdırmalara başlanılıb. Xidməti məlumat əsasında iş rəsmiləşdirilib. Araşdırmalardan sonra hadisənin bütün predmetləri məlum olacaq”. 

Elgün Səfərov  vurğulayıb ki, uşağı bu işə cəlb edən hasısa təşkilat və yaxud ailəsi müvafiq məhsuliyyətə cəlb ediləcəkdir:

“Bu yolverilməzdir. Uşaq təhsildən yayınmamalı, təhsil almalıdır. Əgər ailənin sosial problemi varsa onların məşğulluq problemi aradan qaldırılmalıdır. Daxili İşlər Nazirliyi və müvafiq qurumlar tərəfindən son bir ildə küçə tircarəti ilə məşğul olan 200-dən çox uşaq müəyyənləşdirilib. Onların ailələri və yaxud yaxınları cərimələnibdir”.

Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyovun paytaxtın yeraltı keçidlərindən birində popkorn satan uşaqla bağlı yazdığı status “Facebook”da kəskin müzakirə olunub. Musabəyov statusunda satıcı uşağı tənqid edib: “Azneft” meydanında yerləşən yeraltı keçiddə popkorn satıcısı həyasızcasına özünə yer edib və tüstüsü ilə ətrafı üfunət iyləndirib. İznsiz işləyir, dövlətin elektrikini pulsuz istifadə edir, vergi ödəmir”.

Amid