Paytaxtımızda keçiriləcək futbol üzrə UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) gücləndirilmiş iş rejiminə keçib.

Unikal.org xəbər verir ki, bu barədə agentliyin mətbuat katibi Mais Ağayev keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Avroliqanın final oyununun 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar ölkə başçısının 2018-ci il 7 may tarixli Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb. Bu il martın 19-da isə Nəqliyyat Sisteminin Tənzimlənməsi və İdarə Olunması üzrə Koordinasiya Şurası yaradılıb, suranın işi Bakı Nəqliyyat Agentliyinə həvalə edilib: “Futbol matçını izləməyə gələcək azarkeşlərin daşınması üçün BNA tərəfindən plan hazırlanıb. Plana əsasən, müxtəlif istiqamətlər üzrə marşrutlar müəyyənləşdirilib, Bakı Olimpiya Stadionunun ərazisindəki nəqliyyat terminalının və şəhərin müxtəlif ərazilərində məntəqələrin layihəsi hazırlanıb, bu sahədə müvafiq işlər görülüb. Tədbirlə əlaqədar nəqliyyat əməliyyatlarının yerinə yetirilməsi məqsədilə 450-dək avtobusa 12 məntəqədə Bakı Nəqliyyat Agentliyinin tam heyəti və özəl daşıyıcaların 62 dispetçeri cəlb edilib”.

M.Ağayev qeyd edib ki, hava limanı daxili ərazisində təyyarənin trapından azarkeşlərin gömrük və sərhəd keçid məntəqələrinə daşınması üçün 40 avtobus ayrılıb. Çarter reysi ilə gələn "Arsenal" və "Çelsi" azarkeşlərinin aeroportun "Terminal 1" və "Terminal 2" ərazisindən müvafiq olaraq Bakı Olimpiya Stadionuna və Bakı Nəqliyyat Agentliyinin "Depo-2" ərazisinə təqdim edilən siyahıya uyğun olaraq daşınması “AFN transport” şirkəti tərəfindən həyata keçiriləcək və koordinasiya olunacaq.

"Arsenal" klubunun azarkeşləri üçün Bakı Olimpiya Stadionu ərazisindən Qış Parkına, "Çelsi" klubunun azarkeşləri üçün Bakı Nəqliyyat Agentliyinin "Depo-2" ərazisindən Sahil bağına 15 avtobusdan ibarət, 4-5 dəqiqə intervalla ekspres marşrutlar 08:00-dan 23:-00-dək fəaliyyət göstərəcək. Saat 18:00-dan 23:00-dək həmin ekspress marşrutların hər birinə 22 avtobus əlavə ediləcək. "Qara Qarayev" metro stansiyası (“X1”) və Səməd Vurğun bağından (“X2”) Bakı Olimpiya Stadionuna hər birində 30 avtobus olmaqla 2-3 dəqiqə qarışıq intervalla daşımalar planlaşdırılıb. Avtobuslar saat 19:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Oyun bitdikdən sonra stadiondan “X1” istiqamətinə 200 avtobus və “X2” istiqamətinə 221 avtobusun cəlb edilməsi planlaşdırılıb. Adi reyslərlə gələn azarkeşlərin daşınması məqsədilə hava limanı ərazisindən “X2” ətrafında təyin edilən məntəqəyə 15 avtobusdan ibarət ekspres marşrut təşkil edilməsi planlaşdırılır. Qeyd edilən marşrut xətti mayın 27, 28 və 29-da saat 18:00-dan 22:00-dək 5 dəqiqə intervalla fəaliyyət göstərəcək. Mövcud “H1” "Aero Ekspress" xəttində avtobusların sayı artırılaraq 20 dəqiqə intervalla fəaliyyət göstərəcək" - deyə o bildirib.

Qeyd edib ki, akkreditasiya olunmuş şəxslər mayın 25-dən 30-dək ictimai nəqliyyatdan və biletli azarkeşlərin isə mayın 28-dən 30-dək kart sistemi ilə işləyən marşrutlardan ödənişsiz şəkildə istifadəsi üçün işlər görülüb. Eyni zamanda, oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimi ilə son sərnişinin daşınmasına qədər fəaliyyət göstərəcək.

M.Ağayev, həmçinin bildirib ki, final oyununun təşkili zamanı nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-də nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb. Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.