Almaniyada yaşayan jurnalist Həsən Babayev Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevaya video müraciət ünvanlayıb.
O, müraciətində qeyd edib ki, qardaşı hesab etdiyi dostunun ağır Betta Talasemiyya xəstəliyindən əziyyət çəkən körpə övladının sağlamlığına qovuşması üçün ilik transplantasiyasına ehtiyac var:
“Hörmətli Leyla xanım Əliyeva, şəkildə qucağınızda saxladığınız körpə balanın sağlamlığına qovuşması üçün Sizin dəstəyinizə, qayğınıza və humanist addımınıza çox ehtiyacı var.
Hələ bir yaşına qədəm qoymayan Nazlı mənim 30 illik dostumun övladıdır. Mənim bu müraciətimi bir əminin harayı kimi də qəbul edə bilərsiniz. Körpənin 3 aylığından valideyinləri müxtəlif dövlət orqanlarına, aidiyyatı qurumlara müraciət etsələr də, təəssüflər olsun ki, müsbət nəticə əldə edilməsinə nail ola bilməyiblər. Bu səbəbdən Sizin geniş ürəyinizə və xeyirxah əməllərinizə sığınaraq qürbətdə yaşayan Azərbaycan vətəndaşı, Azərbaycan gənci, müstəqil jurnalist kimi Sizə müraciət etməyi qərara aldım. İnanıram ki, Nazlı balanın sağalması üçün dəstəyinizi əsirgəməyəcəksiniz”.
Jurnalistin sözlərinə görə körpə Nazlıya təcili olaraq ilik transplantasiyası icra edilməlidir, lakin ailənin maddi imkanları bu əməliyyatın xərclərini qarşılamaq xaricindədir:
“Nazli Eminova doğulandan hemoqlobini az olub və fizioloji sarılığı davam edirdi. Talasemiya Mərkəzində genetik analizin cavablarından sonra məlum oldu ki, böyük Beta Talassemiya xəstəliyi ilə mübarizə aparmaq onun taleyinə yazılıb. Hazırda 10 aylıq olan Nazlı balaya 2 aylığından bu günə qədər 9 dəfə qan köçürülüb. Hər dəfə qan köçürmə zamanı qandakı dəmir onun qaraciyərini parçalayır. Türkiyədən Talassemiya Mərkəzinə dəvət olunmuş həkim məsləhət görüb ki, 20-ci dəfə qan köçürülənə qədər ilik transplantasiyası mütləq edilməlidir.
Türkiyə və ya Almaniyada icraası mümkün olan əməliyyatın qiyməti isə təxminən 150 min manat civarındadır. Sizin dəstəyiniz olarsa, biz buna inanırıq, bir körpə balanın, Azərbaycan vətəndaşının həyatı ağır xəstəlikdən xilas edilmiş olacaq.
Müqəddəs Ramazan ayında atacağınız belə bir xeyirxah addımdan dolayı öncədən şəxsim və körpə Nazlının ailəsi adından Sizə dərin təşəkkürümü bildirirəm. Hörmətlə, Həsən Babayev, Berlin şəhərindən”.