Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberqer arasında İnnovasiyalar Agentliyində görüş keçirilib.
Unikal.org xəbər verir ki, görüşdə səfirə agentliyin fəaliyyəti barədə məlumat verilib. Səfir İnnovasiyalar Agentliyinin Laboratoriya, biznes inkubasiya və akselerasiya mərkəzi ilə tanış olub.
Daha sonra yerli startapçılar və ABŞ-ın İT şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri ilə görüş keçirilib. Azərbaycanda innovasiya və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı görülə biləcək işlər və gələcək planlar barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda yerli startapların ABŞ akselerator və investorları ilə daha geniş əməkdaşlıq perspektivləri haqqında danışılıb.
Bu günə qədər 6000-dən çox azərbaycanlının mübadilə proqramı əsasında ABŞ-da olduğunu bildirən səfir Li Litsenberqer vurğulayıb ki, bu rəqəmi qənaətbəxş hesab etmək olmaz. “Düşünürəm ki, Azərbaycanda innovasiya ekosisteminin inkişafı üçün böyük potensial var. Mübadilə proqramlarının sayı artırılmalıdır. Belə proqramlar iki ölkə arasında əməkdaşlığın genişlənməsinə kömək edir. Səfirliyin büdcəsi məhdud olduğuna görə biz özəl şirkətlərin bu cür proqramlara sponsor olmasını arzu edirik”.
Səfir qeyd edib ki, artıq Amerika Ticarət Palatasının üzvü olan şirkətlərlə mübadilə fəaliyyətinə sponsorluq etmələri ilə bağlı təkliflər verilib.
İnnovasiyalar Agentliyinin qurulması haqqında danışan nazir Ramin Quluzadə bildirib ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanda innovasiya infrastrukturu formalaşdırılır. “İnformasiya-kommunikasiya texnologiyaları sahəsi dünyada dinamik inkişaf edir. Bu sahə ölkəmiz üçün də prioritet sahələrdən biridir və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir”.
Nazir qeyd edib ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir.
R. Quluzadə startap hərəkatının inkişaf etdiyi ABŞ kimi bir ölkənin Azərbaycanda bu sahənin inkişafına göstərdiyi dəstəyin əhəmiyyətindən danışıb. Səfirlik və ABŞ şirkətləri ilə birgə layihələrin həyata keçirildiyini deyən nazir bu əməkdaşlığın davam edəcəyini bildirib.
Daha sonra ABŞ-ın texnologiya sahəsində fəaliyyət göstərən şirkətləri və birinci Azərbaycan-Amerika mübadilə proqramının iştirakçıları çıxış edib.
Çıxışlardan sonra nazir və səfir startapçıların suallarını cavablandırıb. Sonda İnnovasiyalar Agentliyinin “Sponsorlar və tərəfdaşlar” guşəsinə ABŞ lövhəsi əlavə olunub.