Mayın 31-də Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məcburi köçkün şagirdlərin ixtisas seçiminə yardım göstərmək məqsədilə təlim təşkil edilib.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Füzuli rayonundan məcburi köçkün, “Qobu Park”ın sakini jurnalist Arzu Əliyevadır. Təlimə yaşayış kompleksində fəaliyyət göstərən 32 nömrəli Ağdam, 29 nömrəli Laçın tam orta məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri cəlb ediliblər.
Təlimçilər - Azərbaycan Müəllim İnkişafı Mərkəzinin eksperti, Xəzər Universitetinin və Bakı Ali Neft Məktəbinin müəllimi Qoşqar Məhərrəmov, AMEA-nın Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Seyfullayev şagirdlərə peşə və ixtisas seçimi ilə bağlı maraqlı və faydalı məlumatlar verib, uğurlu karyera qurmağın xüsusiyyətləri barədə söhbət açıblar, təlim iştirakçılarının suallarını cavablandırıblar.
Layihə rəhbəri Arzu Əliyeva təlimin məqsədi haqqında deyib: "Peşə və ixtisas seçimi hər bir gəncin həyatında ən önəmli qərarlardan biridir. Müasir dünyanın tələbinə uyğun olaraq ixtisas insanın xarakterinə, fiziki və psixi potensialına uyğun olmalıdır.Bu məsələdə müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Çünki onlar şagirdlərin həm bilik səviyyəsinə, həm də xarakterinə yaxşı bələddirlər. Təlimin məqsədi şagirdlərin ixtisas seçiminə kömək göstərməklə yanaşı, bu işdə düzgün istiqaməti tapmaqda müəllimlərə də yardımçı olmaqdır. Eyni zamanda şagirdləri qəbul imtahanının ikinci mərhələsinə psixoloji olaraq hazırlamaq, ixtisas seçimlərində istiqamət və motivasiya verməkdən ibarətdir".
Məcburi köçkün şagirdlər və onların müəllimləri təlimdən razı qalıblar.