Milli Məclisin YAP-çı deputatı Aydın Mirzəzadə parlamentdəki çıxışı ilə bağlı bəyanat yayıb.
Unikal.org xəbər verir ki, bəyanatda deyilir: “Mayın 30-da Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin snayperlərinin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun zabiti mayor Aqil Omarovun şəhid olması mənə çox pis təsir etdi. Aqil Omarovu şəxsən tanıyırdım və onun itkisini ağır qəbul etdim. Bu hisslərin təsiri altında bu gün Milli Məclisin iclasında çıxış edərkən bu hadisəni pislədim və emosional şəkildə çağırış etdim”.
A.Mirzəzadə Azərbaycan dövlətinin vətəndaşı kimi həmişə terrorun əleyhinə olduğunu və parlamentdəki çıxışının radikal çağırış kimi qəbul edilməməsini xahiş edib. O, dövlətimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş prinsipial siyasətini dəstəklədiyini və onu dövrün tələblərinə cavab verən ən düzgün siyasət hesab etdiyini bildirib.
Qeyd edək ki, millət vəkili Aydın Mirzəzadə bu gün Milli Məclisin iclasında diqqət çəkən çıxış edib. Deputat snayperlərdən xahiş edib ki, Ermənistanın baş naziri və müdafiə naziri işğal olunmuş ərazilərə gələrsə, onları vursunlar.