Bir müddət əvvəl sosial şəbəkələrdə yol polisi ilə bağlı video yayan sürücü Kərimov Teymur Mərdan oğlu barəsində cinayət işi açılıb.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, T. Kərimov Cinayət məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham edilir.  

Artıq cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ötən ilin avqustunda sosial şəbəkələrdə sürücü tərəfindən yol polisi ilə bağlı video yayılıb.

Sürücü iddia edir ki, yol polisi qayda pozur. Hətta onun çəkiliş apardığını görüb oradan uzaqlaşarkən inspektor qəza şəraiti yaradıb.

“Sürücüdən qaçan yol polisi” başlıqlı həmin videoya yol polisi cavab verib. Bu barədə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, əslində, hadisə heç də həmin videoda deyildiyi kimi baş verməyib.

V.Əsədov qeyd edib ki, 99 MT 608 dövlət nömrə nişanlı, “Opel Astra” markalı avtomobilin sürücüsü Kərimov Teymur Mərdan oğlu avqustun 18-də, saat 17:53 radələrində Cəfər Xəndan və Şövkət Məmmədova küçələrinin kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün həmin YPX əməkdaşı tərəfindən saxlanılıb və qanunvericiliklə nəzərdə tutulmuş tələblər üzrə yol ayrıcı qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə uyğun olaraq İXP 1986233 saylı protokol tərtib edilib:

“Protokol tərtib edilərkən Teymur Kərimovun qəza şəraiti yaratdığı, yəni yol vermədiyi “Mercedes” markalı avtomobilin sürücüsü də ora yaxınlaşıb və həmin avtomobili idarə edənə yol polisinin yanında iradını bildirib.

Lakin bununla razılaşmayan Teymur Kərimov protokol yazılandan sonra yol polislərinin videosunu çəkərək sosial şəbəkələrdə yaymaqla özünə bəraət qazandırmaq istəyib və guya əvəz çıxıb. Belə şər və böhtan xarakterli informasiya yaymaqla yol polisinin fəaliyyətinə kölgə salmaq istəyib”.