“İnnovasiya Festivalı” çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “İnnoFest Village” maraqlı tədbirlərlə davam edib.
Unikal.org xəbər verir ki, “İdeyadan Biznesə - İ2B Junior” layihəsi təqdim olunub. Layihə özündə “STUAGE” şirkətinin təşkilati dəstəyi ilə baş tutan “Idea Generator” platformasının da ilkin nümayişini əhatə edib. Festival iştirakçılarının öz innovativ ideyalarını həyata keçirməsi üçün bir neçə mərhələdən ibarət olan təlimlər təklif olunub.
Layihənin növbəti il ərzində regionlarda mütəmadi keçirilməsi nəzərdə tutulur. Final mərhələsi ilin ikinci yarısında keçiriləcək.
“İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakıda yerləşən ali təhsil müəssisələrini əhatə edən 3 günlük startap müsabiqəsinin nəticələri müəyyən olub. Heydər Əliyev Mərkəzində keçirilən Bakı Finalında “NanoDesal”, “AntiAge şirəsi”, “NanoDesal”, “HealWith”, “Bumeranq”, “AgroShare”, “Plan to plant”, “Game of war and modern technologies”, “Palliativ qayğı” və “Buqələmun” layihələri qalibiyyət uğrunda mübarizə aparıb.
Final mərhələsində layihələr mütəxəssislərdən ibarət münsiflər heyəti qarşısında təqdim edilib.Jüri tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin prototipinin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi göstəricilər üzrə qiymətləndirmə aparılıb.
“NanoDesal” layihəsi birinci yerə layiq görülüb. “HealWith” layihəsi ikinci, “AgroShare” üçüncü olub.
Hər üç layihə avqust ayının sonlarında 12 regionun da qaliblərinin iştirak edəcəyi “İnnocamp” yay düşərgəsinə vəsiqə qazanıblar. Yay düşərgəsində “İdeyadan Biznesə” layihəsinin builki qalibləri mentorların, biznes inkubasiya mərkəzlərinin nümayəndələrinin, eləcə də psixoloqların dəstəyi ilə finala hazırlıq məşğələlərində iştirak edəcəklər.