Hər il olduğu kimi, bu il də Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında aztəminatlı ailələrlə, müharibə və əmək əlilləri ilə görüş keçirilib. AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev onları qəbul edərək söhbət edib.
Unikal.org xəbər verir ki, S. Möhbalıyev dövlətimizin Qarabağ müharibəsi iştirakçılarına, şəhid olmuş insanların ailə üzvlərinə, əlillərə, eləcə də aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Onların problemlərini, iş, məişət qayğılarını daim diqqətdə saxlayan ölkə başçısı cənab İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban Əliyevanın bundan sonra da aztəminatlı ailələrin, müharibə iştirakçılarının və əlillərinin, istehsalat prosesində xəsarət almış insanların həyat şəraitinin, güzəranlarının daha da yaxşılaşdırılması üçün hər şeyi edəcəklərini iştirakçılara bildirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının cəmiyyətimizin həssas təbəqələrinə gündəlik qayğısından söhbət acan AHİK sədri həmişə olduğu kimi, bundan sonra da onların heç bir problemini diqqətdən kənarda qoymayacaqlarını vurğulayıb. S. Möhbalıyev iştirakçıların ayrı-ayrılıqda hər birinin ehtiyacı olduqları məsələlər haqqında fikirlərini dinləyib və həllinə kömək ediləcəyini bildirib.
Sonda iştirakçıların hər birinə maddi yardımlar təqdim edilib.