"Moskva Dağlıq Qarabağın sabiq "müdafiə naziri" Samvel Babayanı xüsusi missiya ilə Ermənistana ezam edib".
Unikal.org anspress-ə istinadən bildirir ki, bu sözləri "Jamanak" qəzetinin müxbiri ilə söhbətində birinci Qarabağ müharibəsinin iştirakçısı Muşeq Saqatelyan deyib.
O bildirib ki, bu "yeni oyunun" kökləri Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyana və həmçinin ikinci prezident Robert Koçaryana bağlıdır.
Muşeq Saqatelyan Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan barəsində də kəskin ifadələr işlədib.
O deyib ki, Vardan Oskanyan Ermənistanda qeyri-müstəqil fiqurdur. "Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan vəzifədə olduğu vaxt xarici səfərə çıxan zaman digər ölkələrin hədəfləri üçün istifadə edilib. Ölkəyə geri döndükdən sonra buradakılar ondan istifadə ediblər. İndi o, iki od arasında qalıb", - M.Saqatelyan qeyd etdi.
Muşeq Saqatelyan "yeni oyunun" və xüsusi missiyanın nədən ibarət olduğunu açıqlamayıb. Ümumilikdə, aprel ayında baş verən hadisələrdən sonra Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi arasında fikir ayrılıqları hökm sürür.
Bir müddət əvvəl Samvel Babayan Ermənistan hakimiyyətini kəskin tənqid edib.
Babayan bildirib ki, dördgünlük müharibə Bakı üçün gözlənilməz olub. Ancaq fakt odur ki, Azərbaycan ordusu saat yarım vaxt ərzində məlum mövqeləri ələ keçirə bilib:
"Mən bilmirəm, o ərazilərin 800, yaxud 1800 metr olduğunu kim ölçüb. Həmin mövqelər, Mardakert istiqamətindəki ərazilər konkret olaraq ikili təyinatlı strateji məntəqələr olub. Birincisi, həmin ərazilər yaxınlıqdakı kəndlərin sakinlərinin yaşamaq imkanını təmin edirdi.
Bu torpaqlar "Dağlıq Qarabağın" sərhədləridir. İkincisi, Azərbaycan ordusunun azad etdiyi həmin ərazilər - Gəncədən Beyləqana qədər bütün düzənliklər bizim ovcumuzun içində idi. İndi biri deyir ki, bu ərazilər strateji əhəmiyyətə malik idi, o biri deyir ki, belə deyil. Həmin əraziləri görmədən bu insanların necə belə fikirlər səsləndirdiklərini başa düşə bilmirəm. Xüsusilə Mardakert istiqamətində strateji əhəmiyyəti olmayan mövqe yoxdur".
O deyib ki, "Bakıda çay içəcəyik" deməklə iş bitmir. "Bakıda çay içmək olar, ancaq mən qorxuram ki, qarşı tərəf tezliklə İrəvana çatacaq və burada çay içəcək". Babayanın bu sözləri Ermənistan rəhbərliyində birmənalı qarşılanmayıb.