AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) ilə Azərbayan Tibb Universitetinin (ATU) birgə iclası keçirilib.
Unikal.org xəbər verir ki, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda baş tutan iclasda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov, ATU-nun rektoru, professor Gəray Gəraybəyli, BTEB-in və ATU-nun digər rəhbər şəxsləri, birgə layihələrdə tədqiqat aparan alimlər iştirak edib.
İclası giriş sözü ilə açan BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov BTEB ilə ATU arasında mövcud elmi əlaqələr, birgə layihələr və perspektivlər barədə ətraflı məlumat verib.
O, BTEB-in institutları ilə ATU-nun kafedraları tərəfindən müştərək multidissiplinar tədqiqatların daha sistemli, dünya standartlara uyğun şəkildə aparılmasının, bunun üçün beynəlxalq qrant müsabiqələrinin imkanlarından istifadə edilməsinin, BTEB-in institutlarında ATU-nun baza kafedralarının yaradılmasının vacibliyinə diqqət çəkib.
Sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetdə aparılan kliniki və biotibbi tədqiqatlar və elmi kadr hazırlığında əməkdaşlıq imkanları haqqında çıxış edib.
O qeyd edib ki, çoxsaylı müqavilələrin, birgə icra edilən qrant layihələrinin, ortaq mövzularda aparılan tədqiqatların olmasına baxmayaraq, mövcud əməkdaşlıq imkanlarından tam şəkildə istifadə olunmur.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova öz çıxışında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda insan genetikası ilə bağlı aparılan tədiqat işlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Akademik universitetlərdə tədris prosesinə AMEA-nın yüksək ixtisaslı alim heyətinin daha sıx cəlb edilməsinin, xüsusi kursların oxunmasının əhəmiyyətini vurğulayıb. İclasda BTEB-in akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Nuru Bayramov "Prioritet istiqamətlər və sahələr üzrə aparılan tədqiqatlar: dissertasiyalar, yeni təkliflər, ATU və AMEA arasında ortaq tədqiqatlar" və BTEB-in akademik-katibinin müavini, AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov "İnsan genetikası üzrə aparılan tədqiqatlar və perspektivlər" mövzularında məruzə ediblər. Daha sonra BTEB-in institutlarını və ATU-nun kafedralarını təmsil edən tanınmış alimlər və rəhbər şəxslər bu tədbirin təşkilini yüksək qiymətləndiriblər, ən müasir istiqamətlərdə birgə tədqiqatların həyata keçirilməsinə dair təkliflərini bildirdilər.
Akademik Əhliman Əmiraslanov müzakirələrə və geniş fikir mübadiləsinə yekun vuraraq, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zamanın tələbi olduğunu bir daha vurğulayıb.
O həmçinin ölkədə kök hüceyrə mərkəzinin yaradılmasının vacibliyini bildirib, ilkin olaraq Genetik Ehtiyatlar İnstitutunda müvafiq laboratoriyanın yaradılması planlarını alqışladığını deyib. Sonda əlaqələrin gücləndirilməsi və genişləndirilməsi məqsədilə hər iki qurumun ailm və mütəxəssislərindən ibarər birgə işçi qrupunun yaradılması qərara alınıb.