Artıq builki tədris ili başa çatdı. Və qarşıda məktəbliləri 3 aylıq istirahət gözləyir. Amma necə istirahət? Vaxt var idi, yay tətilində şagirdlər düşərgələrə gedərdilər. Amma təəssüf ki, hazırda həmin düşərgələrdən, demək olar ki, əsər-əlamət yoxdur.
Bu binalar Gəncənin Hacıkənd qəsəbəsində yerləşir.
Kəpəz TV (Region TV) xəbər verir ki, indi uçuq-sökük divarları, şüşəsiz pəncərələri, olmayan tavanı ilə diqqəti çəkən bina bir zamanlar uşaqların, xüsusən məktəblilərin ən sevimli məkanları idi. "Pioner düşərgələri" adı ilə tanınan yer hazırda quşların yuvasına çevrilib. Düşərgənin ən həssas yeri isə vaxtilə mütaliə zalı olan, hazırda isə döşəməsinə bilik mənbəyinin vərəqləri səpilən bu otaqdır. Yəqin ki, yerdəki bu sətirlər kimlərinsə illər öncə mənəvi qazancı olub. Bu yerlər illər öncə burada həm yay tətilini keçirib, həm də biliklərini möhkəmləndirən uşaqlar, yəni indiki orta və yaşlı nəslin nümayəndələrinin yaddaşında xoş xatirə olaraq qalıb. Bu günün uşaqları isə düşərgə təəssüratından ümumiyyətlə, uzaqdırlar. Elə buna görə də "yay tətilinizi harada və necə keçirəcəksiniz?" sualının cavabı fərqli oldu.
Məktəbli: "Mən yay tətilimi gəzməklə, bəzi kitabları oxumaqla və maraqlı yerlərə getməklə keçirəcəyəm".
Məktəbli: "Mən Qəbələyə kəndə gedəcəyəm. Çaya, meşəyə..."
Məktəbli: "Bilmirəm, haraya gedəcəyəm".
Müxtəlif cavablar və bilmirəm... Əslində biz də onlara səmərəli istirahət yeri təklif edə bilmədik. Çünki məktəblilərin hər zaman ən yaxşı istirahət məkanları sayılan düşərgələrin vəziyyətini gördükdən sonra, təklifi həm yersiz, həm də məntiqsiz bildik. Amma bu gün düşərgə xatirələrini xatırlayan pedaqoqlar məsələyə biganə deyillər.
Nazim Həsənov-pedaqoq: "Əlbəttə, sovetlər dönəmində düşərgələr vardı. Pioner lagerlər deyirdilər. Mən özüm də olmuşam orada. Bizim üçün çox maraqlı idi. Həm bir az sərbəst olurduq. Müxtəlif gəzintilərə gedirdik. Müəllimlərin nəzarəti altında müəyyən disputlar keçirirdik. Çox istərdik ki, yenidən bütün məktəblərdə yay düşərgələri təşkil edilsin. Bir pedaqoq kimi bu məsələyə öz müsbət rəyimi bildirirəm".
Təbii ki, məsələnin aktuallaşmasına rəy müsbət olmalıdır. Çünki psixoloqlar da hesab edirlər ki, düşərgələrin olması məktəblilərin lazımi vərdişlərinin formalaşmasında önəmli rol oynayır.
Ülviyyə Məhərrəmova - psixoloq: "Uşaqların cəmiyyətdə, sosial mühitdə formalaşmasında, onların kollektivdə işləmək bacarıqlarının inkişaf etməsi, əməkdaşlıq qabiliyyətlərinin inkişaf etməsi üçün yay düşərgələrinin olmasını vacib sayıram. Şagirdlərin psixologiyasının formalaşmasında çox mühümdür".
Realllığı, yəni düşərgələrin yoxluğunu nəzərə alıb, bütün yükün valideynlərin üzərində olduğunu deyə bilərik. Elə buna görə də məsələdə daha bir maraqlı tərəf məhz valideynlərdir.
Ramin Həbibov - valideyn: "Bütün valideynlər istəyər ki, övladı bu 3 ay yayı səmərəli keçirsin".
Təranə Axundova - valideyn: "Düşərgələr açılsın. Orada tərbiyəçilər olsun, yaxşı psixoloqlar olsun ki, gələcəyimizin təməl daşları orada formalaşsınlar".
Seymur Hüseynov-valideyn: "Məktəblilərin istirahəti üçün düşərgələrin yaradılması yaxşı olar".
Bəli, yaxşı olar. Hər halda quşlar yuva qurmağa yer tapacaq, onları düşünməsək də olar. Düşünülməsi daha vacib olan şey gələcəyimizdir və gələcəyimiz olan uşaqlar. Onlar üçün bu xarabalıqlardan cənnət düzəldə bilərik.