Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tədris işləri üzrə prorektoru Hüseyn Həsənov Avropa Birliyinin Erasmus+ KA 107 beynəlxalq təhsil layihəsi çərçivəsində İspaniya Krallığı Valladolid Universitetinin təşkilatçılığı ilə təşkil edilən “Beynəlxalq həftə” adlı tədbirin iştirakçısı olub.
Unikal.org xəbər verir ki, artıq 2 ildən çoxdur ki, ATMU adıkeçən ali təhsil müəssisəsi ilə faydalı əməkdaşlıq edir. Beynəlxalq tədbirin təşkilində əsas məqsəd məlum layihə çərçivəsində gələcək əməkdaşlıq imkanlarını müzakirə edib, formalaşdırmaq idi.
Prorektor H.Həsənov bildirib ki, bir həftə davam edən tədbirdə Erasmus+ layihəsi çərçivəsində həyata keçirilən son çağırışla bağlı məsələlər, dünyanın müxtəlif universitetlərinin qarşılaşdıqları problemlərə münasibət bildirilib. Eyni zamanda növbəti çağırışla bağlı elanlar, müsahibələrin təşkili və keçirilməsi qaydaları, həmçinin yekun nəticələrdə fikir ayrılığı yaradan məsələlər müzakirə edilib. Onu da qeyd edək ki, Avropa Birliyinin Erasmus+ KA 107 beynəlxalq təhsil layihəsi çərçivəsində iştirakçılar üçün gəzinti turları, eləcə də Valladolid universitetinin Valladolid, Palensiya və Seqoviya şəhərlərində yerləşən kampuslarına səfərlər təşkil edilib.
Tədbirdə dünyanın 23 – dən çox ölkəsini təmsil edən 40 – a yaxın ali təhsil müəssisəsi iştirak edib.