Müstəqilliyin ilk illərində kardiologiya sahəsində barmaqla sayılacaq mütəxəssis var idi. Kardiologiyanın bəzi sahələrində isə ümumiyyətlə, mütəxəsis çatışmırdı.
Unikal.org xəbər verir ki, bunu Bakıda keçirilən Bakı Ürək Günləri Konqresində çıxış edərkən Milli Məclisin Səhiyyə Komitəsinin sədr Əhliman Əmiraslanov deyib.
Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyevin bu sahədə islahatları sayəsində kardiologiya mütəxəssiləri formalaşdı:
"Artıq Azərbaycanda ən ağır ürək əməliyyatlarını həyata keçirə bilən mütəxəssislərimiz var. Vaxtilə bu işdə dünyanın bir çox ölkələrindən dəvət olunmuş kardioloqlar bizə kömək edib. Amma heç şübhəsiz, tibb sahəsinə də bizə ən çox dəstək olan qardaş Türkiyənin mütəxəssisləri idi. Hazırda tək paytaxtımızda deyil, regionlarda yerləşən xəstəxanalarda da belə çətin əməliyyatlar keçirilir. Hörmətli prezidentimiz, cənab İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində xarici kardioloqlarla eyni səviyyədə təcrübəli, savadlı mütəxəssislərimizin sayı gündən-günə artır. Ən müasir tibbi avadanlıqlar, tam təminatlı xəstəxanalar bütün növ kardioloji prosedurları həyata keçirməyə hazırdır".
Ürək cərrahiyyəsinin uğurlarından məmnun olduğunu diqqətə çatdıran komitə sədri qeyd edib ki, bütün bunlarla bərabər ölkəmizdə ürək transplantasiyası da həyata keçirilməlidir: "Orqan transplantasiyası üçün Azərbaycan səhiyyəsinin tam imkanları mövcuddur. Sadəcə orqan transplantasiyası haqqında qanununmuz bir qədər köhnə olduğundan bunu həyata keçirə bilmirik. Artıq Milli Məclisdə bu qanunun yenilənməsi üçün iş aparılır. İnanıram ki, yaxın zamanda Azərbaycanda orqan transplantasiyası da həyata keçiriləcək".