Dövlət İmtahan Mərkəzi iyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 40234 şagird üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib.
Mərkəzdən Unikal.org-a verilən məlumata görə, imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyunun 10-dan etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.
Qeyd edək ki, imtahan ilə əlaqədar şagirdlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Şagirdlər Apelyasiya Komissiyasına 10–12 iyun 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.