Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Dubay Gömrüyünün Baş direktoru Əhməd Mahbub Musabihin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qurumdan Unikal.org-a verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsindən razılıqla söhbət açıb.
Komitə sədri qeyd edib ki, iki ölkə arasında iqtisadi, siyasi əlaqələr yüksək səviyyədədir və Azərbaycan, eyni zamanda, Dubay əmirliyi ilə tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır.
DGK sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq və inkişaf proseslərindən, xüsusilə, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən Səfər Mehdiyev, bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını deyib.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət əməkdaşlığından da söhbət açan Komitə sədri, bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib. Səfər Mehdiyev hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.
Dubay Gömrüyünün Baş direktoru Əhməd Mahbub Musabih ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, bu əlaqələrin qarşılıqlı hörmət və dostluğa əsaslandığını deyib. Qonaq iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi əməkdaşlığın inkişafına geniş imkanlar açdığını vurğulayıb, ikitərəfli əlaqələrdə müsbət dinamikanın müşahidə edilməsinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsinin sevindirici hal olduğunu bildirib.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini qeyd edən Əhməd Mahbub Musabih bununla belə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Qonaq bir sıra sahələrlə yanaşı, gömrük xidməti sahəsində də əlaqələrin genişləndirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından səmərəli olacağını bildirib.