Dövlət Turizm Agentliyi çimərliklərin fəaliyyəti ilə bağlı təkliflər hazırlayacaq.
Unikal.org xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
O bildirib ki, artıq agentlik çimərliklərdə monitorinqlərə başlayıb. Yoxlama Azərbaycanın bütün çimərliklərini əhatə edəcək. Qurum çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmət səviyyəsini müəyyən edəcək.
"Dövlət Turizm Agentliyi monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcək. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olsun. Dünya praktikasında da çimərliklər ictimaidir, bu bizdə də belə olmalıdır və bütün insanlar bundan yararlanmalıdırlar. Çimərlik ərazisində hansısa şirkət əlavə xidmət göstərmək istəyərsə, bunun üçün xidmət haqqı ala bilər",- deyə o, qeyd edib.
K.Quluzadənin sözlərinə görə, Azərbaycan üzrə ümumi vəziyyətin nəticələri yayın sonunda hazır olacaq. Nəticələrdən asılı olaraq təkliflər hazırlanacaq və müvafiq qurumlara təqdim ediləcək.