Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilir.
Unikal.org-un məlumatına görə, "Son zəng" 2016-cı ildən tədris ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir.
Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil müəssisələrinin ərazilərində təşkil edilir.
2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq.
2018-2019-cu tədris ilində respublika üzrə 2 977 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 5 200 məktəbəhazırlıq qrupunu 97 918 nəfər başa vuracaq.
2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.
Bu arada
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYP), eləcə də rayon Dövlət Yol Polisi Şöbələri bu gün "Son zəng" günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.
İdarədən Unikal.org-a verilən məlumata görə, təsdiq olunmuş plana əsasən orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub.
Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur: "Son zəng günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq".
DYP valideynlər və məzunların diqqətinə çatdırır ki, son zəng günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq.