Sürücülər paytaxtın Sabunçu rayonunda "Sabunçu bazarı" kimi tanınan ərazidən qaydaları pozmadan keçə bilmirlər. Buna səbəb yol kənarının park edilən avtomobillər tərəfindən zəbt edilməsidir. Xüsusən də həftə sonları bu mənzərə daha da acınaqlalı olur. Sürücülər qısa məsafədə həm qəza şəraiti ilə üzləşir, həm də qaydaları pozmağa məcbur olurlar.
Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, ərazidə avtomobillər xaotik formada hərəkət edir. Yolun qırağında 2-3 cərgə saxlanılan avtomobillərin ucbatından sürücülər düz xəttin tələbini pozaraq qarşı hərəkət zolağına çıxmalı olurlar. Hətta ərazidəki dairəyə girmək üçün də qaydaları pozmaq lazımdır.
Sabunçu rayonu Əslidar Məmmədov küçəsi, (3 saylı şəhər klinik xəstəxanasından Sabunçu vağzalına gedən yoldan) "Sabunçu bazarı"nın qarşısında həm bazara gələn avtomobillər, həm də ərazidə taksi fəaliyyəti göstərənlər yolu o qədər daraldıb ki, qaydaları pozmadan buradan keçmək qeyri-mümkündür. Üstəlik, ərazidə, xüsusən də həftə sonları yol kənarında satış edildiyindən yol bir az da daralır. Ərazidən bir neçə marşrut avtobusu da keçdiyindən tıxaclar qaçılmaz olur.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat ximətinin rəhbəri Mais Ağayev bildirir ki, belə ərazilərdə səyyar xidmət əməkdaşları tərəfindən qanunsuz parkinqə qarşı mütəmadi olaraq tədbir görülür və gələcəkdə əraziya qanunsuz parkinqə nəzarət üçün kameralar da quraşdırılacaq. Lakin bu kimi yerlərdə qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı da mübarizə aparılması mütləqdir.