Berlin Humbolt Universitetinin Azərbaycan Tarixi kafedrasının dosenti və AvroQafqAsiya Mədəni və Elmi Araşdırmalar Mərkəzinin icraçı direktoru Rasim Mirzəyev Unikal.org-a verdiyi geniş müsahibənin birinci hissəsi ötən sayımızda dərc edilmişdi. Müsahibimiz maraqlı məqamları oxucuların diqqətinə çatdırmışdı.
Müsahibənin növbəti, maraqlı informasiyalarla zəngin olan ikinci hissəsini təqdim edirik.
Müsahibənin birinci hissəsini bu linkdən oxuya bilərsiniz:
http://www.unikal.org/news/213491
- Rasim müəllim, Azərbaycanın Almaniyada təmsilçiliyi baxımından ən uğurlu işlərdən biri də Berlin Humbolt Universitetində Azərbaycan tarixi kafedrasının fəaliyyət göstərməsidir. Bu təşəbbüs necə yarandı?
- Qeyd etdiyim kimi, bu günə qədər Almaniyanın heç bir universitetində Qafqazşünaslığa dair nə bir kafedra, nə də bir tədqiqat mərkəzi mövcud idi. Bu barədə mən alman alimi, professor Eva-Mariya Aux və başqaları ilə hər zaman danışır, bir növ dәrdlәşirdim. Prof. Aux, bildiyiniz kimi, Almaniyada və ümumən Avropada Azərbaycan üzrə ən tanınmış mütəxəsisdir. Biz onunla hələ 2005-2008-ci illərdə Bonn Universitetinin Şərqi Avropa Tarixi Institutunda birgə çalışırdıq. Bundan əvvəl isə mən onun Azərbaycan tarixi ilә bağlı kitabının redaktәsi üzәrindә işlәmişdim.
Fikirləşirdik ki, Azərbaycanla, Qafqazla bağlı nə isə bir elmi mərkəz yaradaq. Bu düşüncələrin nəticəsi kimi ilk öncə 2005-ci ildә AvroQafqAziya (EuroKaukAsia) Mədəni və Elmi Araşdırmalar Mərkəzini yaratdıq. Bu tәşkilat vasitәsilә nmüәyyәn işlәr gördük vә müəyyən layihələri gerçəkləşdirməkdə davam edirik. Lakin bu, qeyri-hökümәt tәşkilatı olduğundan bizim böyük planlarımızı hәyata keҫirmәk imkanlarına malik deyildi. Ona görә hәr zaman daha sanballı bir struktur, elmi-pedagoji fәaliyyәtimiz üҫün baza olacaq bir qurum yaratmaq arzusunda idik.
Düşünürdük, nә qәdәr ki, gürcülər, ermənilər qabağa düşmәyiblәr, Azərbaycan dövlәtinin bu işi öhdәsinә götürә bilməsi yaxşı olardı, barı bu mәsәlәdә biz irәli düşә bilәydik, deyә xәyal edirdik. Nә yaxşı ki, belә dә oldu. Azərbaycan hakimiyyәti bu işin önәmini, vacibliyini anlayaraq 2009-cu ildə Berlin Humbolt Universitetində Azərbaycan tarixi kafedrasını tәsis edilməsinə nail oldu. Tәbii ki, bunu hәyata keҫirmәk elə də sadә bir mәsәlә deyildi. Xeyli müddәt әrzindә Universitet rәhbәrliyi ilә danışıqlar aparıldı, sonunda Azərbaycanın Berlindәki Sәfirliyi ilә Humbolt Universiteti arasında xüsusi müqavilә bağlandı. Yeri gәlmişkәn, bu məsələdə keçmiş sәfirimiz Pәrviz Şahbazovun xüsusi әmәyini qeyd etmәk yerinə düşərdi.
Bu kafedranın ərsəyə gəlməsi, Almaniya kimi bir dövlətdə ölkəmizlə bağlı belə bir elmi-mədəni mərkəzin fəaliyyət göstərməsi, gerçәkdәn çox uğurlu bir tәşəbbüs idi!
- Sonrakı mərhələdə nələr baş verdi? Azərbaycan tarixinə, mədəniyyətinə və dilinə necə maraq yarandı?
- Kafedranın açılması burada Azərbaycanı düşünən hər kəsin böyük sevincinə səbəb oldu. Çünki bu ölkəmizin Almaniyada, Avropada tanıdılması işinin keyfiyyətcə tamam yeni bir səviyyəyə qaldırılması deməkdir.
Bu qurum əsasən Azərbaycan Xarici İşlər Nazirliyi və konkret olaraq AIDA-Fondu tərəfindən dəstəklənir. Fondun bizim kafedraya böyük qayğı ilə yanaşdığını hər zaman hiss edirik.
Kafedra Universitetin 1-ci Fəlsəfə Fakultəsinin Tarix Elmləri İnstitunun nəzdindədir və Berlin şəhərinin mərkəzində yerləşir. Bura Azərbaycan tarixi üzrə görkəmli mütəxəssis Eva-Mariya Aux rəhbərlik edir. Mən də onunla birgə çalışıram. Bir neçə il burada təmənnasız dərs demişəm, amma indi yarım ştatla işləyirəm.
Demək, 2009-cu ildən bəri Azərbaycan tarixi, mədəniyyəti və dili Humbolt Universitetin rəsmi tədris planlarına daxildir və hər il onlarla tələbə və doktorant bu fənləri öyrənir, imtahanlar verirlər, kurs, diplom işləri, dissertasiyalar yazırlar.
Ümumiyyətlə universitetdə elm sahəsində Azərbaycan üzrə gənc mütəxəssislərin hazırlanması və onların elmi ictimaiyyətdə tanınması prosesi davamlı və kifayət qədər də zamana ehtiyacı olan bir məsələdir. Burada biz qısa zamanda yüksək nəticələr hesablaya bilmərik. Çünki həmin sahədə təkcə bir alimin yetişməsi illərin zəhmətini tələb edir.
Biz nəinki universitetdə elmi-pedaqoji fəaliyyət göstəririk, eyni zamanda alman ictimaiyyəti arasında Azərbaycanın mədəni-tarixi irsinin mövcud durumunu təbliğ etmək istiqamətində də geniş iş aparırıq. Mütəmmadi olaraq təşkil etdiyimiz beynəlxalq konfranslar, simpoziumlar, ölkəmizə dair müxtəlif mövzuda çoxsaylı mədəni-kütləvi tədbirlər, çap etdirdiyimiz kitablar, dərgilər və.s.-bütün bunların hamısı təbii ki, izsiz ötüşmür, zaman-zaman öz bəhrsini verir. Belə tədbirlərə misal olaraq mən Azərbaycan Demokratik Respublikasına, ölkəmizdəki multikulturalizm ənənələrinə, Almaniya- Azərbaycan münasibətlərinin tarixinə, Bakı şəhərinin metropoliya kimi inkişafına, həmçinin böyük ədəbi-tarixi simalara və hadisələrə (M. F.Axundov, M. Ə. Sabir, “Molla Nəsrəddin” jurnalı və b.) həsr olunmuş simpozium və konfransları nümunə göstərə bilərəm.
- Kafedrada Qarabağ problemi, onunla bağlı həqiqətlərin alman ictimaiyyətinə, siyasi dairələrinə çatdırılması istiqamətində hansı işlər görülür?
- Şübhəsiz ki, Qarabağ mövzusu bizim həm elmi araşdırmalarımızda, həm də ictimai fəaliyyəmizdə xüsusi yer tutur. Demək olar ki, hər il bu mövzuda mütləq bir neçə tədbir təşkil edirik. Bununla bərabər, bu sahədə yeni araşdırmalarımız və kitablarımız da mövcuddur. Məsələn, bizim bir neçə il öncə üç dildə (alman, ingilis və Azərbaycan) nəşr etdiyimiz “Qarabağ konflikti alman mətbuatında” kitabı böyük marağa səbəb oldu. Biz Almaniyanın “Şpiqel”, “Zayt”, “Frankfurter Allqemayne Zaytunq”, “Noyes Doyçland” kimi aparıcı qəzet və jurnallarında bu mövzunun iyirmi il ərzində nə qədər obyektiv-qərəzsiz işıqlandırıldığını araşdırdıq. Bu zaman ortaya çıxan nəticələr son dərəcə qeyri-obyektiv bir mənzərəni ortaya çıxartdı. Adını çəkdiyim mətbu orqanlar və onların müəllifləri çox zaman öz yazılarında, mülahizələrində bəlli klişe və stereotiplərdən çıxış etmişlər. Guya müsəlman azərbaycanlılar xristian erməniləri hər zaman sıxışdırırmış, onların milli-etnik haqqlarını pozurmuş kimi absurd fikirlər həmin müəlliflərin bu məsələ ilə bağlı yazılarının əsas xəttini təşkil etmişdir. Yəni burada Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ərazi uğrunda Azərbaycana qarşı aparılan bir təcavüzkar müharibə kimi deyil, dini-etnik münaqişə kimi qələmə verilir. Üstəlik də təkrar- təkrar 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən olaylar xatırlanır və azərbaycanlıların türklərlə eyni soykökünə malik olması vurğulanır. Məsələnin daha bir maraqlı tərəfi ondan ibarətdir ki, bu yazıların xeyli hissəsi qəzetlərin Moskva müxbirləri tərəfindən qələmə alınıb. Yəni, onlar öz informasiyalarını əsas etibarı ilə rus mətbuatından əxz etmişlər ki, onların da nə dərəcədə “obyektiv” olduqları bizə yaxşı bəllidir...
Demək, alman mətbuatı ilə bağlı bu araşdırmamızda biz gəldiyimiz nəticələrin subyektivliyini, yəni bizi subyektiv qiymətləndirmədə suçlandırmanı bəri başdan sərf-nəzər etmək üçün tədqiqatımızda xüsusi bir kompüter təhlili metoduna əsaslandıq. Əvvəlcə məqalələrdə rast gəlinən və məzmunca təhlil üçün vacib olan anlayış və açar sözləri seçdik və bütün mətnləri MAXQDA adlanan kompüter proqramından keçirtdik. Kvantitativ (kəmiyyət) analiz metoduna söykənən bu proqram bizə həmin anlayış və açar sözlərin (“genosid”, “müsəlmanlar”, “xristianlar” və b.) hər bir mətndə və ümumilikdə neçə dəfə, hansı konteksdə işləndiyini əyani surətdə-konkret rubrikalarda, cədvəllərdə ortaya qoydu. Sonra isə bu kvantitativ nəticələr əsasında məzmun (kvalitativ) analizi apardıq. Bu tip yeni araşdırma metodları mütəxəsislərin əlavə marağına səbəb olmaqla yanaşı, həm də gəlinən nəticələrin obyektivliyinə inam yaradır. Araşdırmalarında belə proqramlardan istifadə etməyi və yararlanmağı mən öz azərbaycanlı alim həmkarlarıma da məsləhət bilərdim.
Qarabağ mövzusuna həsr olunan, bir il öncə işıq üzü görmüş daha bir mühüm kitab “Qarabağın müsəlman-azərbaycanlı elitası” adlanır. Bu, bibliografik-ensiklopedik səpkidə olan bir nəşrdir. Prof. Auxla birgə hazırladığımız bu kitabda biz elitalar nəzəriyyəsindən çıxış edərək belə bir həqəqəti əsaslandırmağa çalışmışıq ki, əgər hər hansı bir ərazidə, yaşayış məskənində uzun bir dövr ərzində bir millətin elitası böyük əksəriyyət təşkil edibsə, həmin yerdə birmənalı olaraq o millətin mədəniyyəti aparıcıdır. Demək, Qarabağ elitası da Azərbaycan mədəniyyətinin daşıyıcısı olaraq, bütövlükdə oranın lokal mədəniyyətini formalaşdırmışdır.
-Humbolt Unniversitetində Azərbaycan dilinin tədrisi hansı formada aparılır?
- Azərbaycan dili üzrə üç səviyyədə kurslarımız var: təzə başlayanlar üçün bazis kurs, təkmilləşdirmə və dərinləşdirmə kursları. 2011-ci ildən bəri hər semestrdə, həftədə 12 saat olmaqla keçirilən bu dərslər həm bakalavr və magistr tələbələri, həm də doktorantlar üçün nəzərdə tutulub. Tələbələr hər semestrin sonunda Azərbaycan dilindən həm şifahi, həm də yazılı imtahan verirlər. Bunun müqabilində onlar 10 kredit punktu qazanırlar.
Dilə maraq kifayət qədər böyükdür. Hətta mən deyərdim ki, bizim gözlədiyimizdən qat-qat çoxdur!
Bilirsinizmi, burada təhsil sistemi bir az fərqlidir. Yəni tələbələr oxumaq istədikləri fənnləri, öyrənmək istədikləri dilləri özləri müstəqil şəkildə seçirlər. Onlar heç bir fakultə və qrupla bağlı deyillər, sadəcə fərdi formada özlərinin seçdikləri dərs planı üzrə mühazirə və seminarlarda məşğul olurlar.
Ona görə də dil kurslarına əvvəlcə sınaq kursları kimi başladıq. Yəni bilmək istəyirdik ki, görək heç maraqlanan olacaqmı? Elə alındı ki, nəticə biz gözlədiyimizdən də yaxşı oldu. İlk vaxtlarda mənim kurslarımda 4-5 nəfər iştirak edirdisə, sonradan bu rəqəm artaraq 10-12 arası oldu. Hətta, arada bir semestrdə tələbələrin sayı 35-ə çatdı.
Müqayisə üçün deyim ki, 25 ildən artıq kafedranın mövcud olmasına baxmayaraq özbək dili kurslarında tələbələrin sayı adətən 3-4 nəfərdən yuxarı olmur.
Təbii ki, tarix dərslərində, prof. Auxun mühazirə və seminarlarına yazılan tələbələrin sayı daha çoxdur.
Azərbaycan dili kurslarının müdavimləri adəti üzrə şərqşünaslıq, türkologiya, iranşünaslıq, islamşünaslıq, linqvistika, Şərqi Avropa tarixi, politologiya, ekologiya və b. ixtisaslara yiyələnənlərdir. Bəzən arxeologiya, hətta germanistika ixtisası üzrə təhsil alanlar da bizim dil kurslarına yazılırlar. Belə ki, burada hər hansı bir regionu öyrənən mütəxəssislərin həmin regionda olan bir neçə dili bilməsi əsas şərtdir.
Bizdə təkcə almanlar yox, dünyanın müxtəlif ölkələrindən olan tələbələr əsas və əlavə fənn olaraq Azərbaycan dilini və tarixini öyrənirlər. Bundan əlavə, bizim tələbələrimizin kontingenti təkcə Humboldt Universitetinin tələbələrindən ibarət deyil, eyni zamanda Berlindəki Azad Universitetdən, Texniki Universitetdən və Farnkfurt-Oderdəki Avropa Viadra Universitetindən də kurslarımızda iştirak edənlər var. Adını çəkdiyim həmin Universitetlər arasındakı xüsusi razılaşmaya əsasən bu cür inteqrasiya mümkündür. Biz Humboldt Universitetinin dosentləri olaraq həmin Universitetlərə məxsus sənədləri də rahat şəkildə imzalaya bilirik. Mənə elə gəlir ki, bu maraqlı təcrübəni Bakıda da müxtəlif universitetlərdə tətbiq etmək çox gözəl bəhrə verə bilərdi! Bu, bir tərəfdən, ali məktəblər arasında inteqrasiyaya stimul verər, müəyyən yeni sahələr üzrə elmi kadr potensialını birləşdirlər, digər tərəfdən, daha çox bilik arzusunda olan tələbələrin təhsildəki imkan və şanslarını xeyli dərəcədə genişləndirərdi.
-Yeri gəlmişkən, Rasim müəllim, Siz əvvəlki klassik alman universitetlərinin ali təhsil sisteminə bələdsiniz, həm də yeni (ümumavropa) Boloniya sisteminə keçidin şahidisiniz. Bu yeni sistemə keçid Sizcə, tam şəkildə özünü doğrultdumu?
-Sözün açığı bir çox alman alimləri və təhsil mütəxəssisləri kimi mən də bu yeni sistemdən razı deyiləm. Fikrimcə, bu sistem heç də bütövlükdə ali təhsilin səviyyəsini qaldırmadı, əksinə xeyli aşağı saldı. Zənnimcə bu sistemin əsas məqsədi dərin savadlı insanlar yetişdirməkdən ibarət deyil, mümkün qədər sürətlə, dar bir sahədə ixtisaslaşan peşəkar işçilər ordusu yaratmaqdır. Belə bir ali təhsil sistemindən ən çox zərər çəkən isə fundamental elmlər, humanitar sahələr, o cümlədən də tarixşünaslıqdır.
Sizə alman universitetiərində son illər müşahidə etdiyim müsbət bir tendensiyadan danışmaq istəyərdim. Universitet tələbələri içərisində miqrant uşaqlarının, xüsusən şərq əsilli və müsəlman ölkələrini təmsil edənlərin sayı get-gedə sürətlə artır. Mən buna sevinirəm. Ümid edirəm ki, bu tedensiya sonunda tamamən yeni bir tədqiqatçılar nəslinin meydana gəlməsinə zəmin yaradır. İndiyədək Şərq öyrənən alimlər ya tam qərbli, yəni sırf Qərb təfəkkürlü, Şərqin spirituel-metafizik aləmindən yad insanlardan, ya da elə Şərq dünyasından olan və Qərbin pozitivist elmi yanaşmasını bir elə əxz etməmiş adamlardan ibarət olub ki, bunların hər ikisində birtərəfli yanaşma özünü göstərməkdədir.
Zənnimcə, bu, Qərb Universitetlərində yetişməkdə olan Şərq əsilli ziyalılar, alimlər, müxtəlif sahələrin mütəxəsisləri, istər Şərqşünaslıq sahəsində, istərsə də ümumən dünya elm və mədəniyyətinin inkişafında keyfiyyət etibarı ilə tamam yeni bir səviyyə-təzə mərhələ yaradacaqlar. Bunu mən artıq hiss edirəm, görürəm, qiymətləndirirəm. Tələbələrim arasında türk və ya müsəlman əsilli bu cür istedadları da çalışıram hər cür dəstəkləyim. Çünki bizim universitet müəllimi kimi işimizin əsl bəhrəsi yalnız onda olar ki, ən azından bir neçə istedadlı gənc alimin yetişməsində birbaşa əməyimiz olsun. Müəllim üçün bundan böyük nə fərəh ola bilər ki!
- Siz bayaq AvroQafqAsiya Mərkəzinin adını çəkdiniz. Bu təşkilatın məqsədi, məramı haqqında bir qədər məlumat versəniz, oxucular üçün də maraqlı olar...
-Adından da göründüyü kimi, biz burada Avropadan Qafqaza və ordan da Asiyaya qədər uzanan bir məkanın mədəniyyətlərarası bağlantısını özündə ehtiva edən bir vizion irəli sürməkdəyik ki, bunun da tən ortası və aradakı birləşdirici körpüsü kimi Azərbaycanı nəzərdə tuturuq. Axı Azərbaycan öz keçmiş tarixi-mədəni ənənələri ilə Asiya və Qafqazları eyni dərəcədə təmsil etdiyi kimi, modernizmə-Avopaya qovuşmaq, inteqrasiya olunmaq baxımından da Şərq-Asiya-müsəlman xalqlarına bir örnək qismindədir.
Məqsədimiz də elə bu üç region arasındakı mədəni və elmi bağlantıların artmasına, təşəkkül tapmasına öz töhfəmizi verməkdir. Bu cəhətdən AvroQafqAsiya Mərkəzinin xətti ilə təşkil etdiyimiz tədbirlər və həyata keçirdiyimiz layihələr rəngarəngdir: buraya ayrı-ayrı xalqaların mədəniyyətlərinə aid ədəbi-bədii gecələrin, tematik axşamların təşkilindən tutmuş, elmi regionumuzla bağlı elmi konfranslara və sülhməramlı görüşlərə, konfliktlərin çözülməsinə xidmət edən dialoqların, diskussiyaların təşkilinə qədər ən müxtəlif məzmunlu tədbirlər daxildir.
Məsələn, mən bu gün çox böyük məmnuniyyətlə xatırlayıram ki, biz 4-5 il dalbadal AvroQafqAsiya regionundan olan Almaniyada oxuyan, çalışan gənc alimlərin və tələbələrin, eyni zamanda bu regionla maraqlanan, məşğul olan alman gənclərinin elmi konfranslarını keçirdirdik. Bu konfranslar prof. Auxun təşəbbüsü ilə hər il Meklenburq–Forpommen federal torpağının kiçik bir şəhərində, Linstovda, o şəhərin meri və yerli fəalların birbaşa dəstəyi ilə təşkil edilirdi. Onlar bizim konfrans iştirakçılarının hoteldə pulsuz qalmağından tutmuş, yemək-içməyimizə qədər hər şeyin qayğısına qalırdılar. Bizim cavanların öz regionları haqqında məruzələrinə, dikussiyalarına yerli insanlar maraqla qulaq asırdılar, çoxlu suallar verirdilər. Belə maraqla Qafqazdakı konfliktlərin mahiyyətini başa düşmək istəyirdilər. Yadımdadır, bizim azərbaycanlı xanım iştirakçılardan biri Qarabağ konfliktindən və öz qaçqın taleyindən danışan zaman çox həyəcanlandı və göz yaşlarını saxlaya bilmədi. Növbəti günlərdə yerli adamların tələbə qızımıza necə həssaslıqla yanaşdıqlarının şahidi olurduq. Səhv etmirəmsə, həmin gənc xanım BDU-nun hüquq fakultəsində hazırda dosent kimi çalışır. Ümumiyyətlə, bizim konfranslarda iştirak etmiş gənclərin demək olar ki, hamısı yaxşı karyeraya sahib olaraq bu gün dünyanın müxtəlif ölkələrində, müxtəlif səmtlərdə uğurla çalışırlar.
Linstovdakı günlərimiz bir ayrı aləm idi. Hər gün birgə axşam yeməyi zamanı isə hamımız-almanlar, qafqazlılar, ukraynalılar, orta asiyalılar yerli aktivist xanımların bizim üçün hazıladqları təamları nuş etdikdən sonra həmin o “bilik zalında” (Bildungsscheune) yerli xor qrupunun və ya aramızdakı həvəskarların ifa etdikləri musiqələrə qulaq asır, sonra da hamımız birlikdə xorla bir alman mahnısı və ya təmsil etdiyimiz dillərdə nəğmələr oxuyurduq. Bax, bu əsl, tipik bir AvroQafqAsiya tədbirinə misal ola bilər...
- Siz almanlarla birgə tez-tez Qafqazda, Azərbaycanda olursunuz. Yəqin ki, həmin almanlar təəssüratlarını Sizinlə bölüşürlər...
-Bizim Mərkəzin illərdən ardıcıl fəaliyyət istiqamətlərindən biri də Azərbaycandakı tarixi alman məskənləri (Göygöl-Helenendorf, Şəmkir-Annenfeld, Çinarlı-Georgsfeld və s.) və orada alman tarixi-mədəni irsinin qorunub-saxlanmasi ilə baglıdır.
Bu istiqamətdə indiyədək çoxlu sayda uğurlu layihələrimiz olub. Ən sonuncu keçən il Göygöl şəhərində həyata keçirdiyimiz turistlər üçün oradakı tarixi abidələri tanıtma sisteminin yaradılmasıdır. Bu ilin aprel ayında isə Göygöldə Azərbaycan Turizm Agentliyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə almanların Qafqazda məskunlaşmasının 200 illik yubileyi iki gün ərzində təntənəli şəkildə qeyd edildi. Biz oraya Almaniyadan helenendorfluların övladlarından, nəvə və nəticələrindən ibarət 30 nəfərlik qrup ilə gəlmişdik. Bu, son dərəcə maraqlı və unudulmaz bir yubiley mərasimi oldu!
AvroQafqAsiya Mərkəzinin Qafqaz xalqlarının anlaşması, yenidən sülh içində yaşaması naminə etdiyi təşəbbüslər xüsusi bir mövzudur, bu barədə biz inşallah ayrıca danışarıq.
-Sülməramlı lahiyələrdən söz düşmüşkən, Siz həm də Almaniyanın DAAD təşkilatı (Alman Akadmik Mübadilə Xidməti) vasitəsi iləillərdir Qafqazda layihələr həyata keçirirsiniz. Həmin layihələrin istiqaməti və effektivliyi barədə nə deyə bilərdiniz?
- Əvvəla onu bildirim ki, düz on il qabaq DAAD Qafqazda və Orta Asiyada konfliktlərin çözülməsi və önlənməsi istiqamətində bir proqrama start verdi. Biz lap əvvəldən bu proqrama qoşulduq və demək olar ki, hər il oraya layihə təqdim edirik.
Bu barədə də gördüyümüz işlərdən çox danışmaq olar. Ancaq mən tam əmin deyiləm ki, bu ümumqafqaz layihələrinin məğzini və mahiyyətini qısaca izah edə biləm və hər kəs bizi doğru anlayar. Ona görə də belə hesab edirəm ki, bütün bunlar barədə başqa bir vaxtda ayrıca və ətraflı şəkildə danışmaq daha əfzəldir. İndilik qısaca onu deyim ki, bu layihələr daha çox gələcəyə yönəlib, bütün Qafqaz xalqlarının, o cümlədən azərbaycanlılarla ermənilərin sülh şəraitində birgə yaşayışına, bunun üçün ümidlərin, şansların birdəfəlik itirilməməsinə hədəflənib.
Qısaca desək, məqsəd xalqların ədalətli sülhdən sonrakı barışığına, bizim cənnətməkan Qafqazın dinclik və firəvanlıq içində çiçəklənməsinə nail olmağın yollarını aramaqdır.
Həsən Babayev
Berlin şəhəri